XƏBƏRLƏR

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il keçir

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il keçir

18 oktyabr 2018

Baxış sayı: 3571

Azərbaycan Universitetində 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın 27 illik müstəqillik yoluna nəzər salınıb, müasir və müstəqil Azərbaycanın 1918-ci il mayın 28-də qurulan, müsəlman dünyasının ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğu diqqətə çatdırılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Universitetin elmi işlər üzrə prorektoru, professor  Yusif Qasımov açaraq 2018-ci ilin ölkəmiz üçün əlamətdar tarixi hadisələrlə zəngin olduğunu bildirib. Yusif Qasımov qeyd edib ki, bu hadisələri qeyd etmək hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi doğurmalıdır. Prorektor deyib: “Bu il 100-cü ildönümünü dövlət səviyyəsində qeyd etdiyimiz AXC xalqımızın genetik yaddaşında dərin izlər qoyub. Bu izlər keçən əsrin 80-ci illərinin axırlarında Sovet İttifaqının dağılması və müstəqilliyin bərpası prosesində Azərbaycan xalqının mənəvi güc mənbəyi olub. 1918-ci ildə AXC qurulmasaydı, 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməyəcək, Azəbaycan dövlət müstəqilliyini bərpa edə bilməyəcəkdi.”

İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin çıxışında 1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan torpaq iddiası və nəticələri, 1988-ci ildə başlayan milli azadlıq hərəkatı və Sovet imperiyasının bu oyanışı boğmaq cəhdləri, Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etməsi və bu kimi məsələlər haqqında danışıb. Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək də bir o qədər ağır və mürəkkəbdir” sözlərini xatırladaran kafedra müdiri dövlət müstəqilliyimizin bərpasında və möhkəmləndirilməsində ümummilli liderin misilsiz xidmətləri haqqında məlumat verib, 2003-cü ildən başlayaraq Prezident İlhan Əliyevin rəhbərliyində görülən işlərin miqyasına nəzər salıb: “Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların nəticəsidir ki, Azərbaycan dünyada öz sözünü deyə bilən, regionda isə ən güclü dövlətə çevrilib”.

Daha sonra Tələbə Gənclər Təşkilatının üzvləri - Humanitar fənlər fakültəsinin tələbələri Aytəkin Kərimova, İmran Məhəmmədov, Günay Nəcəfova, Aytac Mərdanova, Biznes və iqtisadiyyat fakültəsinin tələbəsi Rifat Əliyev tərəfindən Azərbaycana həsr olunmuş məruzə və şeirlər səsləndirilib, mahnılar ifa olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.10.2018


DİGƏR XƏBƏRLƏR