XƏBƏRLƏR

Nəsiman Yaqublu Azərbaycan Universitetində cümhuriyyət mühazirəsi oxuyub

Nəsiman Yaqublu Azərbaycan Universitetində cümhuriyyət mühazirəsi oxuyub

30 oktyabr 2018

Baxış sayı: 4945

Azərbaycan Universitetində keçirilən ənənəvi “Azərbaycan Xalq Cümhuriyyəti-100” mühazirələrinin növbəti qonağı AXC irsinin araşdırıcısı, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu olub.

Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru prof. Yusif Qasımov açaraq AXC-nin 100 illiyinin dövlət səviyyəsində qeyd olunduğunu və Azərbaycan Universitetində il ərzində bu istiqamətdə müxtəlif yönlü tədbirlər keçirildiğini xatırladıb. Nəsiman Yaqublunu tələbələrə təqdim edən və tədqiqat sahəsi haqqında məlumat verən prorektor bildirib ki, tarixçi alimin “Cümhuriyyət qurucuları” kitabı 100 illik yubileyə ən layiqli töhfələrdən biridir. Uzunmüddətli ciddi axtarış və tədqiqatların nəticələrini əks etdirən kitabda AXC-nin qurucuları haqqında dolğun məlumat öz əksini tapıb.

Nəsiman Yaqublu bildirib ki, kitab 23 aylıq müddət ərzində əsasən dövlət idarəçiliyinə başçılıq etmiş nazirlərin həyat və fəaliyyəti haqqındadır, bu görkəmli şəxsiyyətlərin qısa müddət ərzində gördüyü işləri əhatə edir. Kitabın ərsəyə gəlməsində Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivləri ilə yanaşı şəxsi arxivlərdən də faydalanılıb.

Tarixçi alim kitabla eyni adı daşıyan mühazirədə İstiqlal Bəyannaməsinin hazırlanması, Bakı uğrunda aparılan mübarizə və onun erməni-bolşevik işğalından azad edilməsi, İrəvanın Azərbaycanın tərkibində saxlanıla bilməməsinin səbəbləri kimi məsələlərə toxunub, iştirakçılara sənədlərə istinad etməklə Azərbaycanın milli, hüquqi və demokratik dövlətçiliyinin əsasını qoymuş 59 nəfər cümhuriyyət qurucusunun həyat və fəaliyyəti ilə bağlı geniş məlumatlar, maraqlı faktlar çatdırıb.  

Qeyd olunub ki,  AXC-nin 23 aylıq mövcudluğu dövründə parlamentdə 270-dən çox qanun müzakirəyə çıxarılıb, onlardan 230-u qəbul edilib. Hökumət kabinetinin 5 dəfə dəyişdirilməsi demokratik idarəçilik sisteminin formalaşdığının sübutudur. Bu Hökumət kabinetlərində 35-ə qədər nazir fəaliyyət göstərib. Ən gənc nazir 23 yaşında olub. Nazirlərin 16 nəfəri hüquqşünas idi. Yaradılan dövlətin hüquqi əsaslarla inkişaf etdirilməsində bu amil də başlıca rol oynayıb.

Bildirilib ki, cümhuriyyət qurucularının həyatı faciəli sonluqla bitib, bəziləri güllələnib, bəziləri sürgün olunub, bəziləri mühacir həyatı yaşayıblar. Hamısı həm yüksək istedadlı və savadlı şəxsiyyətlər olub, həm də vətənin və millətin mənafeyini hər şeydən üstün tutublar.

Tarixçi alim sonda tələbələrlə xatirə şəkli çəkdirib.

Universitetin AXC auditoriyasını da ziyarət edən Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” kitabını imzalayaraq Universitetin kitabxanasına hədiyyə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.10.2018


DİGƏR XƏBƏRLƏR