XƏBƏRLƏR

Nəsimi rayon İcra Hakimiyyəti Gənclər günündə tələbələrimizi mükafatlandırıb

Nəsimi rayon İcra Hakimiyyəti Gənclər günündə tələbələrimizi mükafatlandırıb

03 fevral 2018

Baxış sayı: 4779

Azərbaycan Universitetinin tələbələri Sərxan Abbaszadə (Kompüter mühəndisliyi, IV kurs) və Nigar Rəhimova (Tərcümə, II kurs) Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən “2 fevral – Gənclər Günü” münasibəti ilə təşkil olunmuş bayram tədbirində təltif olunublar. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və başqa bu kimi sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

“Gənclər sabahımızdır” adlı tədbirdə Nəsimi rayonunun istehsalat, elm, mədəniyyət, təhsil, ictimai,  elmi-pedaqoji fəaliyyət və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, millət vəkilləri, universitet rektorları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  dəvət olunanları salamlayaraq qeyd edib ki, Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyən ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. Ümummilli liderin təşəbbüsü ilə 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il də isə Heydər Əliyev “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Prezident İlham Əliyev tərəfindən də gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və universitetin müəllim – tələbə heyətindən bir qrup üzvün də iştirak etdiyi bayram tədbirində Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri,  2 və 3 saylı Uşaq Gənclər İnkişaf mərkəzlərinin kollektivləri konsert proqramı ilə çıxış edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
03.02.2018

DİGƏR XƏBƏRLƏR