XƏBƏRLƏR

“Nizami Gəncəvi azərbaycanşünaslıq kontekstində” mövzusunda vebinar keçirilib

“Nizami Gəncəvi azərbaycanşünaslıq kontekstində” mövzusunda vebinar keçirilib

02 mart 2021

Baxış sayı: 2486

Azərbaycan Universitetində “Nizami Gəncəvi azərbaycanşünaslıq kontekstində” mövzusunda vebinar keçirilib. Tədbir Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən Prezident  İlham Əliyevin imzaladığı “2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi haqqında” Sərəncama müvafiq olaraq universitetin “Nizami ili” tədbirlər planı çərçivəsində təşkil olunub.

Kafedranın müdiri Ülviyyə Rəhimova Nizami Gəncəvi yaradıcılığının dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu və dahi şairin “Xəmsə”sinin dünya poetik-fəlsəfi fikrinin nadir incilərindən olduğunu bildirib. Ülviyyə Rəhimova qeyd edib ki, Nizami Gəncəvi irsi dünyada, o cümlədən  şərqdə təkcə ədəbiyyatın deyil, ictimai-siyasi düşüncənin və incəsənətin digər növlərinin inkişafında da böyük rol oynayıb. Onun əsərləri Şərqdə miniatür sənətinin də  inkişafına böyük təkan verib.

Kafedranın professoru Qorxmaz Quliyev dünya ədəbiyyatına təsir baxımından Nizami Gəncəvi ilə Vilyam Şekspiri müqayisə edərək qeyd edib ki, “Nizami Gəncəvi ili” Azərbaycan ədəbiyyatının qarşısına bu sahədə böyük problemlər qoyur. Dahi şairin yaradıcılığının dünyaya təqdim edilməsinin yolu onun səriştəli şəkildə təhlil edilməsi, yaradıcılığının elmi konsepsiyalar  əsasında öyrənilməsi ilə mümkündür. Qorxmaz Quliyev çıxışında Nizami Gəncəvinin yaradıcılığı   haqqında ensiklopediyanın hazırlanması, əsərlərinin tərcümələrinin keyfiyyəti ilə bağlı aparılan müzakirələr barəsində öz mövqeyini tədbir iştirakçıları ilə bölüşüb. Professor Qorxmaz Quliyev Nizami Gəncəvinin ədəbi irsindən təsirlənən sənətkarlar, dahi şairin dünya  ədəbiyyatındakı statusunu müəyyənləşdirən əsas amillər haqqında məlumat verib və əsərlərinin Azərbaycan dilinə yüksək səviyyədə tərcümə olunmasının əhəmiyyətini vurğulayıb.

Kafedranın professoru Məhərrəm Qasımlı Nizami Gəncəvinin əsərlərinin filoloji tərcümələrinin yenidən dərc olunmasının vacibliyi haqqında danışıb, dahi şairin irsinin Rüstəm Əliyev, Xəlil Yusifli kimi tədqiqatçılarının araşdırmalarının qiymətləndirilməsinin əhəmiyyətini qeyd edib, Nizami Gəncəvinin dünyada tanıdılması sahəsində görüləcək işlər haqqında fikirlərini bölüşüb.

Kafedranın professoru Asif Hacıyev çıxışında Nizami Gəncəvinin əsərlərində müraciət etdiyi tarixi mənbələrə diqqət çəkib, Azərbaycan ədəbiyyatının görkəmli şairin simasında antik mədəniyyətə hakim olduğunu bildirib. 2013-cü ildə Böyük Britaniyada Oksford Universitetinin nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və  Qafqazşünaslıq Mərkəzinin fəaliyyətə başlamasının təqdirəlayiq olduğunu, Nizami Gəncəvinin dünyaya tanıdılması sahəsində iftixar edəcəyimiz böyük uğurlara imza atacağımız məqamın yetişdiyini də  vurğulayıb.

Çıxışlarda dahi şairin yaradıcılığı azərbaycanşünaslıq kontekstində nəzərdən keçirilib, mövzu ətrafında müzakirələr aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.03.2021 


DİGƏR XƏBƏRLƏR