XƏBƏRLƏR

"Nizami Gəncəvinin əsərləri ədəbi və tarixi mənbə kimi" konfransı başa çatıb

07 may 2021

Baxış sayı: 2428

Azərbaycan Universitetində bu gün keçirilən "Nizami Gəncəvinin əsərləri Azərbaycan xalqının etnogenezisinin Qafqaz və Türk dünyası kontesktində öyrənilməsində ədəbi və tarixi mənbə kimi" beynəlxalq konfransı işini yekunlaşdırıb. Konfransda dahi şairin əsərlərində tarixi faktlar və milli kimlik məsələləri, Azərbaycan xalqının etnogenezisinin öyrənilməsində Nizami Gəncəvi yaradıcılığının rolu, Nizami Gəncəvi və müasir tarix kimi aktual məsələlərə dair təqdimatlar dinlənilib və müzakirələr aparılıb.

Beynəlxalq konfransı çılış nitqi ilə universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açaraq iştirkaçılara konfransın proqramını və plenar məruzəçilərini təqdim edib. Prorektor xatırladıb ki, 2021-ci il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunub və konfrans bu çərçivədə təşkil olunub.

Elmi konfransın plenar iclasında ABŞ-ın Arizona Universitetinin professoru Kamran Talattof “Sülh ulduzu: Nizami poeziyasinda səma və fəza” və Ball State Universitetinin professoru Mattew R. Hotham "Clutching the Pearl-Stringer: Exploring Nizami Ganjavi’s Poetic Legacy" mövzusunda məruzə ediblər.

Professor Kamran Talatoff məruzəsində diqqətə çatdırıb ki, dahi Nizaminin əsərlərində kosmik cisimlərin mövcudluğu və düzülüşünün əks olunması onun astronomiya elmindən xəbərdar olduğunu sübut edir. Amerikalı alim həmçinin   görkəmli şairin əsərlərində klassik yaxın şərq üslübuna məxsus eşqin təcəssüm olunmasında bu cisimlərin böyük sənətkarlıqla təsvir olunduğunu vurğulayıb.

Professor Mattew R. Hotham isə Yaxın və Orta Şərqdə islam dininə məxsus təsəvvüf nəzəriyyəsinin də Nizami yaradıcılığına təsiri, sufizm və islam haqqında mövcud olan müxtəlif elmi nəzəri mülahizələr haqqında məlumat verib, Nizaminin yaradıcılığında da sufizmin özünəməxsus yeri olduğunu qeyd edib.

Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Qorxmaz Quliyev çıxışında Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatşünaslığında tədqiq olunma tarixi və dünya ədəbiyyatında yerinin müəyyənləşdirilməsi haqqında düşüncələrini bölüşüb.

Konfransı işi proqrama daxil edilmiş tədqiqat işlərinin təqdimatı və təqdimatlar ətrafında müzakirələrlə davam edib.

Qeyd edək ki, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub və mövcud ekstremal şəraitə uyğun olaraq zoom platforması üzərindən onlayn formatda keçirilib.

Konfransın səhifəsinə keçid:
/az/menu/554/

İctimaiyyətlə əlaqələr şöbəsi
07.05.2021

DİGƏR XƏBƏRLƏR