XƏBƏRLƏR

“Nizami Gəncəvi”nin iqtisadi baxışları mövzusunda vebinar keçirilib

“Nizami Gəncəvi”nin iqtisadi baxışları mövzusunda vebinar keçirilib

20 may 2021

Baxış sayı: 2085

Azərbaycan Universitetinin Maliyyə və iqtisadiyyat kafedrasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin iqtisadi baxışlarına həsr olunmuş vebinar keçirilib. Tədbir universitetin “Nizami Gəncəvi İli” tədbirlər planı çərçivəsində təşkil olunub.

Vebinarda kafedranın müdir müavini Nəriman Böyükkişi, kafedranın müəllimi Rəfael Mərdiyev, Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Fərhad Mədətovun dahi şairin yaradıcılığında iqtisadi məsələlər və motivlər mövzusunda çıxışları dinlənilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan ədəbiyyatının XII-XIII əsrlərdə yaşamış görkəmli nümayəndələrindən biri olan Nizami Gəncəvi poemalarında öz dövrünün aktual problemləri ilə yanaşı iqtisadi həyatın müxtəlif məqamlarına dair də fikirlər bildirib.  Yaşadığı dövrün ictimai-iqtisadi münasibətlərinə və  ziddiyyətlərinə biganə qalmayan Nizami Gəncəvi əsərlərində iqtisadi baxışlarını da əks etdirərək, cəmiyyətin ictimai-iqtisadi quruluşu, əmək, əmək bölgüsü, sərvət və onun mənbələri, istehlak, mübadilə, ticarət, qiymət, pul, tələb və təklif, daxili və xarici ticarət, vergi sistemi və bu kimi məsələlər barədə fikirlər irəli sürüb. Cəmiyyətdəki sosial ədalətsizliyin aradan qaldırılması üçün yollar axtaran dahi şairin irəli sürdüyü dəyərli fikirlər və ideyalar iqtisadi fikir tariximizə çox dəyərli töhfələr olaraq diqqəti cəlb edir və aktuallığını qoruyub saxlayır.

Tədbirdə iştirakçılara Nizami irsinin iqtisadi məsələlərini araşdıran iqtisadçı alimlər - iqtisad elmləri doktoru, professor Əliqulu Fərəcov və iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayevin tədqiqatları haqqında məlumat verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
20.05.2021

DİGƏR XƏBƏRLƏR