XƏBƏRLƏR

“Elmi platformalarda şəxsi profillərin yaradılması” mövzusunda təlim təşkil olunub

“Elmi platformalarda şəxsi profillərin yaradılması” mövzusunda təlim təşkil olunub

16 may 2022

Baxış sayı: 1085

Azərbaycan Universitetinin pedaqoji heyəti üçün Elm şöbəsi tərəfindən “Elmi platformalarda şəxsi profillərin yaradılması” mövzusunda təlim keçirilib. Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru, r.e.d. Yusif Qasımov açaraq bildirib ki, “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” cari ilin mart ayında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən imzalanıb. Yol xəritəsinin icrası çərçivəsində elmi potensialın inkişafı üzrə öncəliklərin həyata keçirilməsində elm və təhsil müəssisələrinin aktiv və koordinasiyalı iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Universitetlərin üzərinə düşən işlərin həyata keçirilməsi məqsədilə birinci addım kimi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva əmr imzalayıb. Əmrdə göstərilir ki, Azərbaycan Universitetində çalışan müəllimlərin 31 may 2022-ci il tarixinədək ResearchGate, Google Scholar, Academia bazalarında şəxsi profilləri yaradılmalı və  ORCID identifikasiya nömrəsinin alınması təmin edilməli və elm şöbəsi tərəfindən müəllim kollektivi üçün proseslə bağlı maarifləndirici təlim keçirilməlidir. Yol xəritəsinin icrası ilə bağlı ikinci addım olaraq isə Elm şöbəsi tərəfindən bu təlim təşkil olunub.

Daha sonra Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva “ Elmi platformalarda şəxsi profillərin yaradılması” mövzusunda təqdimatla çıxış edib. Lətifə Ağamalıyeva qeyd edib ki, günümüzdə tədqiqatçıların elmi aktivliyi, bu sahədəki kəmiyyət və keyfiyyət göstəriciləri əsasən elmi platformalar vasitəsilə müəyyənləşdirilir.

Şöbə müdiri təlimdə iştirak edən pedaqoji heyətə ResearchGate, Google Scholar, Academia bazalarında şəxsi profillərin yaradılması, elmi məqalələrin müəlliflərinin identifikasiyası üçün beynəlxalq sistem olan ORCID kodunun alınması, əməkdaşların daha öncə çap edilmiş, lakin internettə olmayan məqalələrinin mövcud açıq akademik sistemlərdə yerləşdirilməsi qaydaları haqqında məlumat verib.

Təlim mövzuya dair müzakirə və sualların cavablandırılması ilə yekunlaşıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
16.05.2022

DİGƏR XƏBƏRLƏR