XƏBƏRLƏR

Pandemiya vebinarında virtual təhsil müzakirə olunub

Pandemiya vebinarında virtual təhsil müzakirə olunub

01 may 2020

Baxış sayı: 2420

Azərbaycan Universitetinin növbəti pandemiya vebinarı  “Virtual ünsiyyətdən virtual təhsilə keçid” mövzusuna həsr olunub. Vebinar Riyaziyyat və informatika kafedrası tərəfindən təşkil olunub.

Vebinarda qeyd olunub ki, dünyanı cənginə alan koronavirus pandemiyası üzbəüz təhsilə də ciddi təsir göstərib və məsafədən təhsil imkanı yaradan platformalardan istifadəni zəruri edib. Azərbaycan Universitetində də dərslər karantin rejiminin ilk günlərindən başlayaraq “Microsoft Teams” platformasından istifadə etməklə onlayn rejimdə davam edir. Pandemiya dövrünə qədər internet əsasən virtual ünsiyyət platforması kimi ön planda idisə, artıq o, həm də virtual təhsil platforması kimi böyük əhəmiyyət kəsb etməyə başlayıb.

İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asıf Paşayev “5G: miflər və həqiqətlər” mövzusuna həsr olunan çıxışında 5G anlayışını izah edib və daha əvvəlki rabitə standartları ilə müqayisədə üstünlükləri haqqında məlumat verib. Asif Paşayev  beşinci nəsil mobil rabitə xidmətləri göstərən stansiyalar ilə koronavirus pandemiyası arasında əlaqənin olması ilə bağlı iddialara da aydınlıq gətirib. Dekan virtual təhsil alətlərinin kökündə dayanan bulud texnologiyalarından da danışıb.

Riyaziyyat və informatika kafedrasının müdiri Qabil Əliyev dünyada və ölkəmizdə virtual təhsil prosesində isifadə olunan proqramlardan bəhs edib, “Zoom” və “Microsoft Teams” platformalarının iş prinsipləri, oxşar və fərqli cəhətləri haqqında məlumat verib. Qabil Əliyev “Zoom” platformasının təhlükəsizlik və məxfilik problemləri ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

Tədbirə qoşulan müəllim və tələbələrə Microsoft şirkətinin bulud həllərindən biri olan “Office 365” xidmətinin tərkibində olan digər alətlərin  iş prinsipləri də izah olunub.

Qeyd edək ki, pandemiya vebinarları “Office 365” xidmətinin “Microsoft Teams” platforması üzərindən keçirilir. Növbəti vebinar bu gün Xarici dillər kafedrası tərəfindən “The impact of Covid -19 on education” mövzusunda təşkil olunacaq. Vebinarın başlama saatı 13.30-dur.  

Tədbirdə iştirak etmək istəyən müəllim və tələbələr kafedra ilə əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.05.2020

DİGƏR XƏBƏRLƏR