XƏBƏRLƏR

Pandemiyanın iqtisadiyyata təsirləri onlayn rejimdə müzakirə olunub

Pandemiyanın iqtisadiyyata təsirləri onlayn rejimdə müzakirə olunub

30 aprel 2020

Baxış sayı: 2714

Azərbaycan Universitetində növbəti pandemiya vebinarı Maliyyə və iqtisadiyyat kafedrasının təşkilatçılığı ilə keçirilib. “Pandemiyanın iqtisadiyyata mənfi təsirləri və qarşısının alınması istiqamətində dövlət tədbirləri” adlı vebinarı kafedranın müdiri Nəriman Böyükkişi aparıb.

Kafedranın professoru Rövşən Quliyev koronavirus pandemiyasının Azərbaycanın neft və enerji sektoruna təsirləri, neftə olan tələbatın azalması və qiymətinin düşməsinə səbəb olan amillər, həmiçinin pandemiyadan sonra ölkə iqtisadiyyatının dirçəldilməsi istiqamətində görülə biləcək işlər  haqqında danışıb. Professor qeyd edib k, Azərbaycan neftinin aviasiyada rəqibi yoxdur və sərnişin daşımalarının bərpasından sonra neft də öz dəyərini bərpa edəcəkdir.

Kafedranın müəlimi Elmin Nurməmmədov çıxışında pandemiyanın Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə mənfi təsirlərini rəqəmlərlə izah edib. Elmin Nurməmmədov qeyd edib ki, karantin rejiminin kölgə iqtisadiyyatına zərbə, elektron xidmət mədəniyyətinin formalaşması, yeni iqtisadi fəaliyyət növlərinin yaranması kimi müsbət təsirləri də müşahidə olunur.

Kafedranın müdiri Nəriman Böyükkişi pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması istiqamətində həyata keçirilən dövlət tədbirləri və sosial dəstək layihələri haqqında məlumat verib.

Kafedranın müəllimi Gülanə İsayeva pandemiyanın dövlət büdcəsinə təsirləri haqqında danışıb.

Vebinar mövzu ətrafında müzakirələrlə davam edib, çıxış edənlər vebinara qoşulan müəllim və tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıblar.

Qeyd edək ki, növbəti vebinar bu gün Riyaziyyat və informatika kafedrası tərəfindən “Virtual ünsiyyətdən virtual təhsilə keçid” mövzusunda təşkil olunacaq. Vebinarın başlama saatı 13.30-dur.  

Tədbirdə iştirak etmək istəyən müəllim və tələbələr kafedra ilə əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.04.2020

DİGƏR XƏBƏRLƏR