XƏBƏRLƏR

PETRA layihəsinin növbəti təlimləri Finlandiyada keçirilib

PETRA layihəsinin növbəti təlimləri Finlandiyada keçirilib

07 iyun 2018

Baxış sayı: 3894

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” PETRA layihəsinin növbəti seminarları Finlandiyanın Jyvaskyla Universitetində keçirilib. 5 gün davam edən silsilə seminarlarda Azərbaycan Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva və monitorinq və qiymətləndirmə üzrə mütəxəssis Elçin Cəfərov təmsil edib.  

“Tədris və təlim prosesində texnologiyadan istifadə”yə həsr olunmuş seminarlar Jyvaskyla Universitetində tədqiqat işlərinin aparılması, elektron kitabxananın yaradılması və istifadəsi, müəllim və tələbələr arasında ünsiyyətin idarə olunması platforması olan Moodle sistemi, Finlandiyada və Jyvaskyla Universitetində PhD təhsili və bu kimi mövzuları əhatə edib. Seminarlarda ümumilikdə layihənin tərəfdaşı olan universitetlərin 30 nümayəndəsi iştirak edib.

PETRA layihəsinin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin də tərəfdaş olduğu layihədə Azərbaycanın 8 universiteti  (Azərbaycan Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti) iştirak edir. Layihənin koordinatoru İspaniyanın Valensiya Politexnik Universiteti, Avropadan tərəfdaşları isə Finlandiyadan Jyvaskyla, Macarıstandan Debrecen, Avstriyadan Vyana Tətbiqi Elmlər, Türkiyədən Gazi universitetləridir.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.06.2018


DİGƏR XƏBƏRLƏR