XƏBƏRLƏR

Tələbələr üçün “Probasiya və ictimai sağlamlıq siyasətinin inteqrasiyası” mövzusunda tədbir keçirilib

Tələbələr üçün  “Probasiya və ictimai sağlamlıq siyasətinin inteqrasiyası”  mövzusunda tədbir keçirilib

03 mart 2026

Baxış sayı: 370

Ədliyyə Nazirliyinin Probasiya xidməti və Azərbaycan Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memorandumdan irəli gələn vəzifələrin icrası ilə bağlı olaraq Sosial iş ixtisası üzrə ikinci tədris ilinin tələbələri üçün “Probasiya və ictimai sağlamlıq siyasətinin inteqrasiyası” mövzusunda görüş keçirilib. Görüş Sosial işin təşkili kafedrasının müəllimi Zəhra Məmmədlinin təşəbbüsü ilə “Sağlam davranış nəzəriyyələri” fənni çərçivəsində təşkil olunub. Kafedranın müdiri Nigar Şahhüseynbəyovanın da iştirak etdiyi tədbirin qonaqları Probasiya Xidmətinin icra məmurları Ramil Mustafayev və Aysel Qəribova olub. 

Ramil Mustafayev tələbələrə probasiya xidmətinin dünyada və Azərbaycanda yaranma tarixi və əhəmiyyəti haqqında məlumat verib, probasiyanın cəza, yoxsa islah sistemi olması məsələsinə aydınlıq gətirib.  Çıxışında “Niyə probasiyaya ehtiyac var?” mövzusunu ictimai sağlamlıq baxımından təhlil edən Ramil Mustafayev həmçinin iştirakçılara probasiya sistemində monitorinq mövzusu barədə geniş icmal təqdim edib. Aysel Qəribova isə risk faktorları və təkrar cinayət anlayışı, eləcə də Probasiya xidmətinin icra etdiyi işlər barədə tələbələri məlumatlandırıb. 

Görüşün təşəbbüskarı və fənnin müəllimi Zəhra Məmmədli probasiya sistemindəki şəxslərin sağlamlıq profili, həyata keçirilən sosial-psixoloji işlər və onların əhəmiyyəti haqqında danışaraq mövzuya dair keys nümunələri təqdim edib. O, probasiya xidmətində sosial işçi və psixoloqların yaratdığı müsbət dəyişikliklərin digər dövlət və qeyri-hökumət sektorları üçün də faydalı nümunə ola biləcəyini də qeyd edib.  

Tədbirdə Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova da çıxış edərək, probasiya xidmətinin cəmiyyət üçün mühüm rolunu və universitetlə qurulan əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. 

Görüş magistrant Hacıbala Heydərovun açıq dərsinə təsadüf etdiyi üçün tələbənin probasiya ilə bağlı araşdırmalarını təqdim etməsinə imkan yaradılıb.  Hacıbala Heydərov probasiya xidmətinin əhəmiyyəti və sosial işin bu sahəyə töhfəsi barədə təqdimatla çıxış edib. 

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR