XƏBƏRLƏR

Anar müəlimi yeni yaşı münasibətilə təbrik edirik

Anar müəlimi yeni yaşı münasibətilə təbrik edirik

10 yanvar 2018

Baxış sayı: 7700

Bu gün tarix elmləri doktoru, professor Anar İsgəndərovun 62 yaşı tamam olur. Azərbaycan Universitetinin kollektivi adından Anar müəllimi yeni yaşı münasibətilə təbrik edir, can sağlığı, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq!

Anar Camal oğlu İsgəndərov 1956-cı il yanvarın 10-da Masallı rayonunda anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1989-cu ildə Respublikada ilk dəfə tarixşünaslıq ixtisası üzrə namizədlik dissertasiyası, 2004-cü ildə “Azərbaycanda 1917-1918-ci illərdə Türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2005-ci ildə isə professor elmi adı alıb.

1999-cu ildən Bakı Dövlət Universiteti Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, 2005-ci ildən həmin kafedranın, 2014-cü ildən Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının professorudur.

Tədqiqat sahəsi Azərbaycanın 1917-1920-ci illər tarixinin mənbəşünaslığı və tarixşünaslığıdır.

1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda çıxışına görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və “Altun” qızıl medalı ilə, 2008-ci ildə Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Qızıl döş nişanı” ilə, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif olunub.

10-dan çox kitabın, onlarla məqalənin müəllifi olan görkəmli alimin “Realities of Azerbaijan: 1917-1920” (Azərbaycan həqiqətləri: 1917-1920) adlı kitabı Amerika Birləşmiş Ştatlarında nəşr olunub. Kitaba türk-erməni araşdırmaları üzrə görkəmli mütəxəssis, tarix elmləri doktoru, professor Castin Makkarti ön söz yazıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
10.01.2018

DİGƏR XƏBƏRLƏR