XƏBƏRLƏR

Professor Asif Hacıyev beynəlxalq elmi-pedaqoji tədbirlərdə iştirak edib

Professor Asif Hacıyev beynəlxalq elmi-pedaqoji tədbirlərdə iştirak edib

13 dekabr 2021

Baxış sayı: 1996

Azərbaycan Universitetinin professoru Asif Hacıyev Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində  keçirilən “Sivilizasiyaların dialoqu və mədəniyyətlərarası əməkdaşlıq” adlı beynəlxalq elmi-praktik seminarda iştirak edib. Moskva Pedaqoji Dövlət Universitetinin və Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin təşkilatçılığı, Rusiya Elm və Təhsil Nazirliyinin və digər rəsmi təşkilatların dəstəyi, bir çox ölkələrdən nüfuzlu alim və təhsil işçilərinin iştirakı ilə keçirilən bu ənənəvi seminarın “Təhsil və dialoq sülh və insan naminə” movzusuna həsr olunmuş builki toplantısında professor Asif Hacıyev “Azərbaycan Respublikasında rusdilli təhsil onlayn-tədris şəraitində” adlı məruzə ilə çıxış edib. 

Professor Asif Hacıyev çıxışında ölkəmizdə yaşayan xalqların dilinə və mədəniyyətinə olan tolerant münasibətdən danışıb,  rus dilinin ölkəmizin ictimai həyatında geniş işləndiyini, rusdilli mətbuatın, mədəniyyət ocaqlarının, elm və təhsil müəssisələrinin inkişafda olduğunu, rus dilində orta və ali təhsilin dövlət büdcəsindən maliyyələşdirildiyini bildirib, kütləviliyini konkret faktlar və statistik göstəricilərlə seminar iştirakçılarının diqqətinə çatdırıb. Rusdili təhsilin inkişafında xalqlarımızın dosluğunun və dövlətlərarası əməkdaşlığın rolunu qeyd edən Asif Hacıyev bu prosesin Azərbaycanın dövlət maraqlarına, milli mənafeyə və şagirdlərin etnik mentalitetinə uyğun aparıldığını və bununla da ölkədə ictimai həmrəyliyin və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə xidmət etdiyini göstərib.

Son dövrdə pandemiya ilə əlaqədər onlayn tədris və virtual vasitələrdən istifadə ilə bağlı Respublikamızdakı müsbət təcrübə haqqında məlumat verən və qarşıda duran vəzifələr barədə mülahizələrini bölüşən Asif Hacıyev bu sahədə müştərək müəllif kollektivlərinin və elektron resursların, interaktiv vəsaitlərin yaradılmasını, intellektual oyun elementlətindən istifadə etməklə cəlbedici metodikanın işlənməsini, müştərək təhsil şəbəkəsinin formalaşdırılmasını təklif edib.  Asif Hacıyevin ölkəmizdəki rusdilli təhsil haqqında analitik məlumatı MDB məkanında nümunəvi vəziyyət kimi seminar iştirakşılarında dərin maraq və razılıq doğurub.

Asif Hacıyev sonda iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki,  bir müddət əvvəl professor Asif Hacıyevin Moskva Pedaqoji Dövlət Universitetinin müəllimləri, tələbə və doktorantları üçün oxuduğu “Rus şəbəkə ədəbiyyatının tarixi, tipologiyası və poetikası (Azərbaycan şəbəkə ədəbiyyatı ilə müqayisədə)” mövzusunda onlayn mühazirəsi ilə bu universitetin beynəlxalq maarifçi lektoriyasına start verilib, onun Moskvada nüfuzlu “Etnodialoqlar” jurnalında bu mövzuda geniş məqaləsi və rus şəbəkə ədəbiyyatına dair Rusiya ali məktəbləri üçün xüsusi dərsliyi çap olunub.

Konfrans çərçivəsində professor Asif Hacıyev həmtəsisçisi və Koordinasiya Şurasının üzvü olduğu, onlarla ölkədən tanınmış mütəxəssisləri birləşdirən Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin təşkilati yığıncağında və hesabat-seçki toplantısında iştirak edib və yenidən bu nüfuzlu təşkilatın beynəlxalq Koordinasiya Şurasının üzvü seçilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.12.2021

DİGƏR XƏBƏRLƏR