XƏBƏRLƏR

Professor Qabil Əliyevin həmmüəllifliyi ilə dərslik çap olunub

Professor Qabil Əliyevin həmmüəllifliyi ilə dərslik çap olunub

30 sentyabr 2019

Baxış sayı: 3262

Azərbaycan Universitetinin ictimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin həmmüəllifliyi ilə ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün “Azərbaycan tarixi” fənni üzrə yeni dərslik nəşr olunub. Dərslik akademik Yaqub Mahmudovun rəhbərliyi ilə hazırlanıb.

Dərslik XVI əsrin ortalarından XIX əsrin ilk onilliklərinə qədərki dövrdə Azərbaycanda baş vermiş önəmli tarixi hadisələr, mürəkkəb ictimai-siyasi prosesləri əhatə edir.

Dərslikdə xalqımızın qürur duyduğu tarixi hadisələr və faktlar haqqında ətraflı məlumat verilib. Məktəblilər xalq qəhrəmanı Koroğlu, görkəmli tarixi şəxsiyyətlərimiz II Şah Abbas, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Hacı Çələbi xan, Pənahəli xan Cavanşir, qubalı Fətəli xan, Gəncəli Cavad xan və onlarla başqa tarixi simalarla tanış olacaq, mürəkkəb tarixi prosesləri izləyəcəklər.

Dərslikdəki materiallar əsasında Osmanlı – Səfəvi müharibələri, Səfəvi dövlətinin dayaqlarını sarsıdan daxili çəkişmələr, xanlıqlar dövrü, XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya və Qacarlar dövləti arasında bölüşdürülməsi, dünyanın ən ədalətsiz sənədləri olan Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycanın iki yerə parçalandığı tarixi şərait, işğalların gedişi və ağır nəticələri, müasir dövrdə baş verən soyqırımı və işğalların tarixi kökləri, ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülüb yerləşdirilməsi, qondarma “erməni vilayəti” yaradılması ideyalarının kökündə dayanan hadisələr haqqında məlumat əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.09.2019


DİGƏR XƏBƏRLƏR