XƏBƏRLƏR

Prorektor Yusif Qasımov “Scimago” reytinqinə həsr olunan görüşdə məruzə edib

Prorektor Yusif Qasımov “Scimago” reytinqinə həsr olunan görüşdə məruzə edib

07 iyun 2022

Baxış sayı: 1919

Azərbayvcan Universitetinin elmi işlər üzrə prorektoru Yusif  Qasımov Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” alt qrupunun ali təhsil müəssisələri ilə keçirdiyi görüşdə məruzə ilə çıxış edib.

Yusif  Qasımov məruzədə bildirib ki, “Scopus” bazası üzrə Scimago təşkilatının bu il üçün elan etdiyi reytinq sıralamasında Azərbaycanın cəmi 4 universiteti yer alıb. Azərbaycan Universiteti də bu sıralamada ikinci yerdədir. Bundan başqa universitet son 3 ildə “Web of Science” bazasında indekslənən məqalələrin sayına görə respublika üzrə ilk üçlükdə yer almaqdadır. Prorektor, məruzədə universitetdə bu uğurların əldə edilməsi istiqamətində aparılan işlər haqqında da məlumat verib. Yusif Qasımov görüşdə  elmi nəşrlər, onların beynəlxalq standartlara uyğun təsis edilməsi və inkişafı haqqında təqdimat da nümayiş etdirib.

İclas zamanı altqrupun rəhbəri, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə 2022-ci il üzrə Yol Xəritəsi”nin icrası istiqamətində görülmüş işlər barədə məlumat verib.

100-dən çox iştirakçının qatıldığı tədbirdə 40-dan çox ali təhsil müəssisəsinin rektor, prorektor, elm şöbələrinin rəhbərləri və digər akademik nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi ölkənin elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi)  yüsəldilməsi işinə universitetlərin töhfəsi, “Scopus”, “Web of Science” və digər beynəlxalq bazalarda indekslənən nəşrlər və jurnallarda məqalələrin çap olunması problemlərinin müzakirəsi, bu istiqamətdə biliklərin artırılması və təcrübələrin paylaşılması olub.

Görüşün sonunda mövzular ətrafında fikir mübadiləsi, müzakirələr aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.06.2022

DİGƏR XƏBƏRLƏR