XƏBƏRLƏR

“Qarabağ Zəfəri - Şuşa” adlı kitabın təqdimatı keçirilib

“Qarabağ Zəfəri - Şuşa” adlı kitabın təqdimatı keçirilib

08 aprel 2022

Baxış sayı: 1432

Azərbaycan Universiteti Sosial işin təşkili kafedrasının dosenti Zaur Əliyevin “Qarabağ Zəfəri - Şuşa” adlı kitabının təqdimatı keçirilib.

Tədbirin moderatorluğunu Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva edib. Kafedra müdiri tədbirin 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədilə keçirildiyini bildirib.

Təqdimatda Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova və kafedranın baş müəllimi Hüseyn Hüseynli çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

Müəllif Zaur Əliyev çıxışında Şuşa ilə bağlı xatirələrindən, kitabın ərsəyə gəlmə səbəbindən və çapa qədərki prosesdən bəhs edib.

Sonda müəllif kitabları imzalayıb, müəllim və tələbələrə təqdim edib.

Kitabda Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanın tarixi və işğala qədər olan dövrü araşdırılıb. Kitab “8 rəqəminin möcüzəsi və Şuşa...” adlı giriş məqaləsi ilə başlayır.  Şuşa şəhərində baş verən vacib tarixi hadisələr, şəhərin iqtisadi-siyasi, mədəni həyatı həm tarixi sənədlər, həm də, canlı şahidlərin verdiyi informasiya əsasında qələmə alınıb.

“Qarabağ”,  “Şuşanın tarixi”, “Şuşa məscidləri” “Şuşa barədə”, “İstedadlar məskəni”, “Milli qəhrəmanları”, “Tarixi-dini abidələri” və s. kimi başlıqlı məqalələrdə Şuşa haqqında geniş məlumatlar öz əksini tapıb.

Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulan kitabın rəyçisi psixologiya üzrə elmlər doktoru Bayramov İmdad, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva, jurnalistlər Ağayev Anar, Fəxrəddin Hacıbəyli, redaktoru pedaqogika üzrə elmlər doktoru Əhmədov Hümeyirdir.

125 səhifəlik kitab  “Optimist” MMC çap mərkəzində işıq üzü görüb və  geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.04.2022


DİGƏR XƏBƏRLƏR