XƏBƏRLƏR

Azərbaycan Universitetinin “Qarabağın dirçəlişi” müsabiqəsi mükafatlandırma mərasimi ilə başa çatıb

Azərbaycan Universitetinin “Qarabağın dirçəlişi” müsabiqəsi mükafatlandırma mərasimi ilə başa çatıb

14 iyun 2024

Baxış sayı: 811

Azərbaycan Universitetinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan etdiyi “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi yekunlaşıb. Bu münasibətlə təşkil olunan mükafatlandırma mərasimində müsabiqənin qalibləri və xüsusi nominasiyalara layiq görülənlər elan olunub, onlara müvafiq sertifikat, pul mükafatı (I yer – 1000 manat; II yer – 800 manat; III yer – 600 manat) və müxtəlif hədiyyələr təqdim olunub. 

Mükafatlandırma mərasimini açılış nitqi ilə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq tədbir iştirakçılarını salamlayıb, layihənin ideyasına, həmçinin həyata keçirilməsində göstərdiyi dəstəyə görə rektor Səadət Əliyevaya təşəkkür edib. Prorektor çıxışında qeyd edib ki, dünyanı qorumaq üçün iqtisadi proseslərin istiqamətini dəyişmək zərurəti yaranıb və Azərbaycan bu prosesdə söz sahibi olmaq yolunda inamla addımlayır. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili elan edilib. Noyabr ayında isə ölkə COP29 mötəbər tədbirinə evsahibliyi etməyə  hazırlaşır. “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi də məhz ölkədə gedən proseslərə dəstək məqsədilə həyata keçirilib. 

Yusif Qasımov çıxışında müsabiqənin iştirakçılarına və Münsiflər heyətinə də təşəkkür edib. 

Ardınca Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva müsabiqə haqqında yığcam məlumat verib və qalibləri elan edib. Münsiflər heyətinin qərarına əsasən I və II yerlərə Bakı Ali Neft Məktəbinin tələbələri layiq görülüb. Azərbaycan Universitetinin bir qrup tələbəsinin təqdim etdiyi “Smart Kənd” layihəsi isə III yeri tutub. 

“Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qalibləri

  • I yer: Fərəcov Ruhan, Fərzalızadə Şamil (Bakı Ali Neft Məktəbi)
    Qarabağın meşə massivinin bərpası üçün yerli xammal əsasında yeni boy stimullaşdırıcı reagentlərin hazırlanması  
  • II yer: Murtuzov Ruslan (Bakı Ali Neft Məktəbi)
    Piezoelektrik effektinin panel-döşəmə sxemində tətbiqi və alternativ enerji mənbəyinin yaradılaraq ağıllı şəhər konsepsiyasında istifadəsi 
  • III yer: Bayramov Eyvaz, Mirzəyev Əlihüseyn, İsmayılov Sənan, Məmmədov Nadir, Qasımov Amil, Veyisova Ülkər (Azərbaycan Universiteti)
    Smart Kənd
  • Ən innovativ layihə: Emil Şükürov (Mingəçevir Universiteti)
    Ağıllı zibil qabı
  • Ən interaktiv təqdimat: Əhmədov Rəhman, Orucov Nazim (Azərbaycan Texniki Universiteti)
    Azərbaycan Respublikasında aşağı temperaturlu geotermal sulardan elektrik və istilik enerjisi istehsalı
  • “Nokia” şirkətinin xüsusi mükafatı: Əbdüləzimova Aysel (Azərbaycan Dövlət İqtisad Universiteti), Bağırova Zeynəb (Azərbaycan Memarlıq və İnşaat Universiteti)
    “Smart City” layihələrinin memarlıq üstünlüklərı və onların Qarabağ İqtisadi Rayonunda tətbiqi

Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb. 

Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarda başlanan quruculuq işlərində gənclərin aktiv iştirakının təmin edilməsi məqsədilə keçirilən müsabiqəyə ümumilikdə müxtəlif istiqamətlərdə 50-yə yaxın layihə təqdim olunub. Təqdim olunan layihələrdən 10-u II mərhələyə adlayıb. Layihələrin təqdimatları Münsiflər heyəti tərəfindən əvvəldən müəyyənləşdirilən meyarlara uyğun olaraq qiymətləndirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR