XƏBƏRLƏR

Qəhrəman Yusupov turizmin dayanıqlı inkişafına həsr olunan konfransda çıxış edib

Azərbaycan Universitetinin Maliyyə və mühasibat kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Qəhrəman Yusupov “Müasir informasiya məkanında turizmin dayanıqlı inkişafı və sosial-mədəni innovasiyalar” adlı konfransda məruzə ilə çıxış edib. Qəhrəman Yusupovun məruzəsi “Regionun iqtisadiyyatı: turizmin sosial-iqtisadi təsiri” (Экономика региона: социально-экономическое влияние туризма) mövzusuna həsr olunub. 

Qəhrəman Yusupov konfransın plenar iclasının müzakirələrində də aktiv iştirak edib. İclasda təhsil ocaqlarında turizm ixtisası üzrə təhsilin keyfiyyəti, tələbələrin turizm şirkətlərində və hotellərdə təcrübəyə cəlb edilməsi, bələdçilik sənətində olan problemlər müzakirə olunub, təkliflər səsləndirilib. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçirilən və bu ali məktəbin yaradılmasının 100 illiyinə həsr olunan konfransın əsas məqsədi turizm və sosial-mədəni xidmət mühitinin müasir inkişaf tendensiyalarını araşdırmaq, tətbiq edilən innovativ texnologiyaların müqayisəli qiymətləndirilməsi məsələlərinə dair səmərəli təkliflər verməkdir. Tədbirin işi “Turizm və iqtisadiyyat”, “Kitabxanaçılıq və informasiya fəaliyyəti. Muzeyşünaslıq və arxiv işi”, “Sosial iş və sosiologiya, sənətşünaslıq” olmaqla üç bölmədə təşkil olunub. Bölmə iclaslarında “Turizm və sosial mühit”, “Ölkənin tanıdılmasında milli mətbəx turizminin əhəmiyyəti”, “Azərbaycan və Türkiyə mədəni əlaqələrində turizm faktoru”, “Kitabxanalarda elektron informasiya resursları ilə işin təşkili”, “Turizm sənayesinin əsas seqmentlərinə innovativ texnologiyaların inteqrasiyası”, “Müasir muzey fəaliyyətinin əsas istiqamətləri”, “Heydər Əliyevin yeni Azərbaycan cəmiyyəti quruculuğundakı rolu”, “Elmi təfəkkürün inkişaf tarixi”, “Turizm sektorunda dayanıqlı regional inkişaf prinsipləri” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR