XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllim-tələbə heyəti “Qəlb cəbhəsi” kitabının təqdimatında iştirak edib

Azərbaycan Universitetinin müəllim-tələbə heyəti “Qəlb cəbhəsi” kitabının təqdimatında iştirak edib

04 mart 2026

Baxış sayı: 375

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri” layihəsi çərçivəsində nəşr edilən “Qəlb cəbhəsi” kitabının Bakı şəhərində təqdimatı olub. Azərbaycan Universiteti, “Ulduz” jurnalı və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yazarlar, ictimaiyyət nümayəndələri və universitetin bir qrup müəllim-tələbə heyəti iştirak edib.

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təşkil olunan tədbiri salamlama nitqi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar açıb. İntiqam Yaşar layihə haqqında məlumat verib, layihə çərçivəsində çap olunmuş kitabda 44 günlük Vətən müharibəsi iştirakçısı yazarların bədii yaradıcılıq nümunələrinin toplandığını bildirib.

“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair-publisist Qulu Ağsəs layihənin aktuallığını diqqətə çatdırıb. Baş redaktor istər kitabda yer alan müəlliflərin yaradıcılıq nümunələrini oxumanın, istərsə də müharibə iştirakçısı olan yazarlarla canlı ünsiyyətin gənclər üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın dosenti Xəyalə Cəfərova, “Ulduz” jurnalının şöbə redaktoru, şair Taleh Mansur layihə haqqında fikirlərini bölüşüblər.

44 günlük Vətən müharibəsinin iştirakçısı, layihə çərçivəsində çap olunmuş kitabın həmmüəllifi və şair Kərəm Aydın çıxış edərək müharibə haqqında xatirələrini bölüşüb, şeirlər səsləndirib, gənclərin suallarını cavablandırıb.

Çıxışların ardından Azərbaycan Universitetinin tələbələri “Qəlb cəbhəsi” kitabında yer almış şeirləri səsləndiriblər.  

Tədbir Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri Gülnar Rzayeva və universitet tələbələrinin tədbirin təşkilində göstərdikləri dəstəyə görə təltif olunmaları ilə yekunlaşıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR