XƏBƏRLƏR

Rektor Səadət Əliyeva I kurs tələbələri ilə görüşüb

Rektor Səadət Əliyeva I kurs tələbələri ilə görüşüb

14 sentyabr 2017

Baxış sayı: 8995

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva 2017/2018-ci tədris ilində universitetə qəbul olmuş tələbələrlə görüşüb. 15 sentyabr - Bilik günü və yeni tədris ilinin başlanması münasibəti ilə keçirilən tədbirdə I kurs tələbələri, universitetin professor-müəllim heyəti və qonaqlar iştirak edib. Görüşün əsas məqsədi yeni tələbələri universitet həyatı ilə tanış etmək olub.

Tədbiri giriş nitqi ilə rektor Səadət Əliyeva açıb. Gəncləri tələbə adını qazanmaları münasibəti ilə təbrik edən rektor onlara öz tövsiyələrini çatdırıb: “Sizlər tələbə olmaq yolundakı hədəfinizə gücünüz, iradəniz, bilik və bacarıqlarınız sayəsində  çatmısınız. Ümid edirəm ki, qarşınıza qoyacağınız yeni hədəf 4 il ərzində müvəffəqiyyətli tələbə olmaq və uiversiteti yüksək nəticələrlə başa vurmaq olacaqdır. Çünki bu sizin gələcəyiniz, karyeranız - iş həyatında ixtisaslaşmış mütəxəssis olmaq üçün çox əhəmiyyətlidir. Sizin 4 ildən sonra alacağınız diplom biliyə, bacarığa və savada arxalansın. Bir kağız parçası olmasın”.

Səadət Əliyeva yeni tələbələrə Azərbaycan Universitetinin tarixi və fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, 1991-ci ildə təsis olunmuş universitet fəaliyyət göstərdiyi 26 il ərzində bir sıra uğurlara imza atıb. Universitetin beynəlxalq əlaqələri və qoşulduğu mübadilə proqramları haqqında məlumatı diqqətə çatdıran rektor bu istiqamətlərdə görülən işlərin tələbələrin fərdi və peşkar inkişafına istiqamətləndiyini bildirib: “Son dövrdə imza atdığımız uğurlardan biri də maddi - texniki bazamızın yenilənməsidir. Azərbaycan Universiteti  müasir standartlara cavab verən ali təhsil müəssisəsidir. Bütün auditoriyalar müasir avadanlıqlarla təchiz olunub”.  

Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsində xüsusi diqqət yetirilən mövzulardan birinin də gənclərin həm öz ixtisasını yaxşı bilən peşəkar kadr, həm də vətənpərvər ruhda yetişmələri olduğunu  diqqətə çatdırıb: “Mən çox istəyirəm ki, gənclərimiz Azərbaycanı, dövlətimizi, vətənimizi sevsinlər, onun adını daim uca tutsunlar”.

Rektor universitetdə tələbələrin asudə vaxtının maraqlı və səmərəli təşklinə xüsusi diqqət yetirildiğini də bildirib.

Görüşdə iştirak edən kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov təbrik nitqi ilə çıxış edərək I kurs tələbələrinə ürək sözlərini çatdırıb. Çıxışına dahi şair Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” misraları ilə başlayan qonaq, tələbələri universitetin onlar üçün yaratdığı imkanlardan səmərəli şəkildə istifadə etməyə səsləyib. Professor mənəvi inkişafın vacibliyini də diqqətə çatdırıb, əqli inkişaf ilə mənəvi inkişafın vəhdətinin əhəmiyyətinə toxunub.

Daha sonra Tədris şöbəsinin müdiri Tariyel Qəni tələbələri 15 sentyabr – Bilik günü münasibəti ilə təbrik edib və Azərbaycan Universitetində tədris prosesi ilə bağlı qaydalar haqqında ətraflı məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.09.2017

DİGƏR XƏBƏRLƏR