XƏBƏRLƏR

28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirilib

28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirilib

27 may 2021

Baxış sayı: 2063

Azərbaycan Universitetində İctimai elmlər kafedrasının təşkilatçılığı ilə 28 May-Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev, kafedranın professoru Qasım Hacıyev və kafedranın dosenti Boran Əzizin “Cümhuriyyətə gedən yol”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və qonşularla münasibətləri”, “AXC qurucularının sonrakı taleyi” mövzusunda çıxışları dinlənilib, həmçinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistratura I kurs tələbəsi Əminə Qocayeva “AXC-nin Ermənistanın ərazi iddialarına qarşı mübarizəsi” mövzusunda təqdimatla çıxış edib.

Çıxışlarda qeyd olunub ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti qədim və zəngin dövlətçilik tarixinə və ənənələrinə malik Azərbaycanın XX əsr tarixində böyük hadisədir. 23 ay mövcud olmasına baxmayaraq Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının qurduğu cümhuriyyət Azərbaycan xalqının gələcək taleyini müəyyənləşdirib, bu səbəbdən tarixdə əbədi yaşayacaq.

Çıxışlarda AXC-nin mövcud olduğu 23 ay ərzinə həyata keçirdiyi islahatlar və gördüyü işlərə nəzər salınıb, həmçinin cümhuriyyət qurucularının sonrakı taleyi haqqında məlumat verilib. Bildirilib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır. Cənab prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi də AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir. 2021-ci ildə isə biz AXC-nin 103-cü ildönümünü qalib və məğrur xalq kimi böyük qürur və fəxarətlə qeyd edirik.

Çıxışlardan sonra Sosial iş ixtisası üzrə IV kurs tələbəsi Səma Məmmədova Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini səsləndirib.

Tədbir iştirakçıları sonda Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarxa baxıblar. 

İctimaiyyətlə əlaqələr şöbəsi
27.05.2021

DİGƏR XƏBƏRLƏR