XƏBƏRLƏR

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsi mətbuatın diqqət mərkəzindədir

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsi  mətbuatın diqqət mərkəzindədir

01 mart 2018

Baxış sayı: 6270

Azərbaycan Universiteti tərəfindən elan olunan “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi haqqında “Xalq qəzeti"ndə məlumat yerləşdirilib.  Müsabiqə elektron kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir.

“Xalq qəzeti" ilə yanaşı “Olaylar” İnformasiya Agentliyi və “Mövqe.az” saytları da müsabiqə haqqında Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımovun açıqlamasını dərc ediblər. Açıqlamada qeyd olunur ki, “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda müsabiqə enerji səmərəliliyinin artırılması, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin təbliğinə yönəlmiş yeni  bir addım kimi diqqəti cəlb edir. Gənc tədqiqatçılar üçün innovativ ideya platforması olan müsabiqə tələbə, magistrant, doktorant və dissertantların  intellektual potensialının üzə çıxarılmasına xidmət edir.

Mövcud enerji mənbələrindən səmərəli istifadə edilməsi,  alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsi milli və qlobal səviyyədə iqtisadi-ekoloji əhəmiyyətli məsələ kimi aktuallığını saxlayır.  Enerjidən istifadənin idarə olunması planetimizə böyük təhlükə yaradan iqlim dəyişkənliyinin qarşısının alınmasında önəmli məsələlərdəndir.

Azərbaycan Universitetinin keçirdiyi müsabiqə ölkənin bütün ali məktəblərinin tələbə, magistrant və doktorantlarına Azərbaycan şəraitində həyata keçirilə biləcək ideya və təkliflərini təqdim etməyə şərait yaradıb. 5 istiqamət və 2 mərhələdə təşkil olunan müsabiqənin birinci turuna 19 universitetdən 30 iş daxil olub. Təqdim olunmuş işlər müvafiq komissiya üzvləri tərəfindən araşdırılıb və onlardan 14-ü ikinci tura buraxılıb.  Finalçılar arasında Texniki, ADA, Xəzər, Neft və Sənaye, Bakı Dövlət, Fransa--Azərbaycan, Avrasiya, İqtisad, Pedaqoji, Azərbaycan universitetlərinin və Ali Neft Məktəbinin tələbə, magistrant və doktorantları var.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, AMEA-nın elmi tədqiqat-institutlarının və ölkənin qabaqcıl ali məktəblərinin mütəxəssis və alimlərindən ibarət komissiya işlərin aktuallığı, yeniliyi, orijinallığı, innovativliyi, nəzəri və tətbiqi əhəmiyyəti kimi kriteriyalar ilə yanaşı, təqdimatın hazırlanmasını, interaktiv materiallardan istifadə edilməsini və auditoriyaya çatdırlmasını da qiymətləndirib. Yekun seçim qərarı Novruz bayramı ərəfəsində açıqlanaçaq və qaliblərin mükafatlandırılması mərasimi Azərbaycan Universitetində keçiriləcək. Qaliblərə  I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı təqdim ediləcək. I yerin qalibinə 800, II yerin sahibinə 600, III yeri tutana isə 400 manat pul mükafatları veriləcək.

Xəbərlərə keçid

http://xalqqazeti.com/az/news/education/98475

http://olaylar.az/news/sosial/263186

http://www.movqe.az/news/sosial/114019.html

 

İctimaiyyətlə əlaqələr şöbəsi
02.03.2018

DİGƏR XƏBƏRLƏR