XƏBƏRLƏR

Şəhid Fəxrəddin Qurbanlının xatirəsinə bulaq kompleksi və ev muzeyinin açılışı olub

Şəhid Fəxrəddin Qurbanlının xatirəsinə bulaq kompleksi və ev muzeyinin açılışı olub

13 yanvar 2020

Baxış sayı: 3769

Aprel şəhidi və Azərbaycan Universitetinin məzunu Fəxrəddin Qurbanlının xatirəsinə qoyulmuş abidə-bulaq kompleksi və ev muzeyinin açılışı olub. Şəhidin doğum günündə baş tutan açılış mərasimində Binəqədi rayon icra hakimiyyəti, Binəqədi qəsəbə bələdiyyəsi, Azərbaycan Universitetinin nümayəndə heyəti, Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi, şəhidin ailə üzvləri və yaxınları, qəsəbə sakinləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxışlarda Aprel döyüşlərinin böyük əhəmiyyət daşıdığı vurğulanıb, gənclərin vətənpərvərlik ruhunu yüksəltdiyi qeyd olunub, Fəxrəddin Qurbanlının həyat yoluna nəzər salınıb, onunla bağlı xatirələr bölüşülüb. Şəhidin atası Seyfəddin Qurbanlı dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Açılış mərasiminin ardından abidə-bulaq kompleksinə baxış və ev muzeyi ilə tanışlıq olub.  Ev muzeyində şəhidin həyat yolunu əks etdirən fotolardan ibarət stend yer alır və şəxsi əşyaları, təltifləri nümayiş olunur. Abidə-bulaq kompleksi şəhidin yaşadığı və adını daşıyan küçədə yerləşir.

Qeyd edək ki, Qurbanlı Fəxrəddin Seyfəddin oğlu 1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbi bitirib. 2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş ixtisasına qəbul olub. Əlaçı və nümunəvi tələbə olan Fəxrəddin Qurbanlı “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi işləyib. 2015-ci ildə Sosial iş fakültəsindən üçüncülüklə məzun olub. Həmin ilin iyul ayında hərbi xidmətə yollanıb. 2016-cı il aprel ayının ilk günlərində cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

Azərbaycan Universiteti tərəfindən 2016-cı ildə “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Ümumi məbləği 500 manat olan təqaüd birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.01.2020

DİGƏR XƏBƏRLƏR