XƏBƏRLƏR

Şəhid Fəxrəddin Qurbanlının doğum gününə həsr olunan tədbir keçirilib

Şəhid Fəxrəddin Qurbanlının doğum gününə həsr olunan tədbir keçirilib

16 yanvar 2023

Baxış sayı: 10126

Azərbaycan Universitetinin əməkdaşları Aprel şəhidi Fəxrəddin Qurbanlının doğum gününə həsr olunmuş “Mən şəhidəm, ölməmişəm” adlı tədbirdə iştirak ediblər. Tədbir Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin təşkilatçılığı və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. 

Tədbirdən öncə şəhidin məzarı ziyarət olunub. Şəhidin məzarı üzərinə əklil qoyulub,  qərənfil dəstələri düzülüb. Tədbir Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə davam etdirilib. 

Tədbirdə şəhid ailələri, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, məktəbin direktoru Tural Hətəmov, müəllim və şagird kollektivi, şəhidin ali təhsil aldığı Azərbaycan Universitetinin nümayəndələri və şəhidin tələbə yoldaşları, şəhidə həsr olunmuş “Xeyirxah insan” kitabının elmi redaktoru, pedaqogika üzrə fəlsəfə doktoru Şahnaz Salamova, şəhidin döyüş yoldaşı Elnur Fərzəliyev iştirak ediblər. 

Çıxışlarda Aprel döyüşlərinin böyük Zəfərin başlanğıcı olduğu vurğulanıb, bu döyüşlərdə qazanılan qələbənin hər bir vətəndaşımızın hərbi vətənpərvərlik ruhunu yüksəltdiyi qeyd olunub. Bildirilib ki, Qarabağ Zəfərinin addım səslərinin eşidildiyi Aprel döyüşləri xalqımızı torpaqlarımızın tez bir zamanda işğaldan azad olunacağına ruhlandırıb. 2020-ci ildə isə Azərbaycan xalqı müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib. Vətən Müharibəsi tariximizin, eləcə də Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. 

Tədbirdə Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri, şəhidin müəllimi Tünzalə Verdiyeva və universitetin 2022/2023-cü tədris ili üzrə Şəhid Fəxrəddin Qurbanlı təqaüdünə layiq görülən tələbəsi Səfəralı Qeybullayev də çıxış edərək şəhidin xatirəsinə ehtiramlarını ifadə ediblər.  

Tədbirdə Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı və şəhid Fəxrəddin Qurbanlıya həsr olunan kompozisiya da nümayiş olunub.  

Günün sonunda şəhidin xatirəsinə ehsan süfrəsi təşkil edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR