XƏBƏRLƏR

Siyasi və ictimai elmlər kafedrasında təhsil proqramlarının müzakirəsi təşkil olunub

Siyasi və ictimai elmlər kafedrasında təhsil proqramlarının müzakirəsi təşkil olunub

29 aprel 2024

Baxış sayı: 341

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasında qarşıda duran məsələlərin müzakirəsi məqsədilə iclas keçirilib. İclasda kafedranın müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski, kafedranın professor-müəllim heyəti ilə yanaşı Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova, Tədris şöbəsinin müdiri  Leyla Ağamalıyeva və Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov da iştirak edib. 

İclasda kafedranın müəllimlərinin tərtib etdiyi monoqrafiya və fənn proqramları, açıq dərslərin təşkili və bu kimi istiqamətlərdə gündəlikdə duran məsələlər müzakirə edilib. İclasın gündəliyinin əsas məsələlərindən biri tədris proqramlarının hazırlanması və  ixtisaslar üzrə seçmə fənlər blokunun tərtibi olub. 

Keyfiyyat təminatı şöbəsinin müdiri Lalə Abasova mövzu ilə bağlı çıxış edərək bildirib ki,  tədrisi aparılan ixtisasların seçmə fənləri əmək bazarının tələb və ehtiyaclarına uyğun olmalı və kafedralar tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməlidir. Həmçinin ixtisas üzrə təklif olunan seçmə fənlərin tədrisində tələbələrin istəyi nəzərə alınmalıdır. Kafedranın müdiri Elvin Talışınski mövzu ilə bağlı bildirib ki, tədrisi aparılan ixtisaslar üzrə müəssisə və təşkilatlarla danışıqlar aparılıb və görüşlərin təşkili planlaşdırılıb.  

İclasda kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədlinin tərtib etdiyi “1918-ci il Şamaxı soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində” adlı monoqrafiya müzakirə olunub və çapa məsləhət  görülüb. Həmçinin kafedranın müəllimləri Nigar Adilovanın tərtib etdiyi “Siyasi partiyalar və seçki texnologiyaları” adlı fənn proqramı, Eldar Cəfərovun tərtib etdiyi  “Dəyişikliklərin idarə edilməsi” adlı fənn proqramı, Lalə Dilənovanın tərtib etdiyi “İctimai diplomatiya” adlı fənn proqramı, Səbinə Məmmədlinin tərtib etdiyi “Muzey fondu və fond işi” və  “Muzey əşyalarının bərpası və konservasiyası” adlı fənn proqramları müzakirə edilib və çapa tövsiyə olunub. 

Sonda kafedranın müəllimlərinin açıq dərslərinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.  

Qeyd edək ki, Azərbaycan Universitetində bakalavriat səviyyəsi üzrə Beynəlxalq münasibətlər, Politologiya, Dövlət və ictimai münasibətlər, Fəlsəfə, Regionşünaslıq (Avropa ölkələri üzrə), Tarix, Muzey, arxiv işi və abidələrin qorunması ixtisaslarının; magistratura səviyyəsi üzrə isə Azərbaycanın qədim və orta əsrlər tarixi, Azərbaycanın yeni və ən yeni tarixi ixtisaslaşmalarının kadr hazırlığı Siyasi və ictimai elmlər kafedrası tərəfindən aparılır. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR