XƏBƏRLƏR

“Social Work & Social Research” beynəlxalq elmi konfransının işinə start verilib

“Social Work & Social Research” beynəlxalq elmi konfransının işinə start verilib

22 noyabr 2023

Baxış sayı: 1347

“Social Work & Social Research” beynəlxalq elmi konfransının plenar məruzəçiləri - ABŞ-ın Vaşinqton Universitetinin Braun Sosial iş və ictimai səhiyyə fakültəsinin professoru, Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru Michael Sherraden, mərkəzin beynəlxalq proqramlarının direktoru Li Zou, mərkəzin həmdirektoru və fakültənin müəllimi Lissa Johnson, mərkəzin aparıcı tədqiqatçısı və fakültənin müəllimi Aytəkin Hüseynli Azərbaycan Universitetində olub, rektor Səadət Əliyeva ilə görüşüblər. Görüşdə 24-25 noyabr 2023-cü il tarixlərində Azərbaycan Universitetinin evsahibliyində Bakıda keçiriləcək ikigünlük beynəlxalq konfransa hazırlıq işləri və təşkilati məsələlər haqqında fikir mübadiləsi aparılıb, konfransın işinə start verilib. 

Qonaqlara Azərbaycan Universitetinin fəaliyyəti və beynəlxalq əlaqələri, sosial iş ixtisasının tədrisi, həmçinin ölkədə sosial işin təşkilinin mövcud vəziyyəti, ixtisas üzrə məzunların əmək bazarına çıxışı və karyera imkanları haqqında ətraflı məlumat verilib. 

Görüşdə Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzi ilə Azərbaycan Universiteti arasında mümkün əməkdaşlıq istiqamətləri də müzakirə olunub və əməkdaşlığın şaxələndirilməsi barədə razılığa gəlinib. 

Qeyd edək ki, Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-ın Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən ikigünlük beynəlxalq elmi konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul edilib. Hibrid formada təşkil olunan konfransın işçi dili ingilis dilidir. 10-dan çox ölkədən konfransın mövzusu üzrə dünyanın ən tanınmış 40-a yaxın alimi “in person” iştirakını təsdiq edib. Zoom platforması vasitəsilə isə 40-a yaxın ölkədən iştirakçı konfransın işinə qoşulacaq. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR