XƏBƏRLƏR
Sosial iş tələbələri üçün hüquqi maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə təhsil alan tələbələr üçün “Antinarkomaniya” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbirin mühazirəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov olub.
Tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva açıb. Kafedra müdiri qonağı tələbələrə təqdim edib və dəvəti qəbul etdiyi üçün ona təşəkkür edib. Tünzalə Verdiyeva diqqətə çatdırıb ki, tədbirin məqsədi tələbələri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirməkdir.
Ardınca Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov kürsüyə dəvət olunub. Əli Məmmədov çıxışında qeyd edib ki, narkomaniya bütün dünyanı narahat edən qlobal problemlərdən biridir. Mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomaniya təkcə insanların sağlamlığı üçün təhlükə yaratmır, cinayətkarlığın da artmasına səbəb olur. İstər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirləri hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycan həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə beynəlxalq konvensiyaların tərəfdaşıdır.
Hakim çıxışında narkomaniyaya başlama yaşı, narkotik qəbulunun əsas səbəbləri haqqında da danışıb. Narkomaniyanın insanlara vurduğu fiziki, psixi və mənəvi zərərlərinin qalıcı olduğunu vurğulayan qonaq narkotik asılılığın insanı məhvə apardığını bildirib. Əli Məmmədov narkomaniya ilə mübarizə sahəsində profilaktik və preventiv tədbirlər haqqında da məlumat verib və tələbələrə maraqlı keyslər təqdim edib.
Tələbələrin olduqca marağına səbəb olan çıxışın ardından hakim Əli Məmmədov mövzu ilə bağlı ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi