XƏBƏRLƏR

Sosial iş tələbələrinə Beynəlxalq Ahıllar Günü haqqında məlumat verilib

Sosial iş tələbələrinə Beynəlxalq Ahıllar Günü haqqında məlumat verilib

29 sentyabr 2023

Baxış sayı: 794

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrası “1 oktyabr - Beynəlxalq Ahıllar Günü”nə həsr olunmuş tədbir keçirib.

Tədbirdə kafedranın müdiri, p.ü.f.d. Tünzalə Verdiyeva çıxış edərək ahıl şəxslərlə sosial işin əhəmiyyətindən bəhs edib. Kafedra müdiri bildirib ki, ahıllar günü yaşlılar arasında zorakılıq və onların digər problemləri ilə bağlı informasiyanın artırılması, ictimaiyyətin diqqətini bu məsələlərin həllinə yönəltmək və yaşlı insanların cəmiyyətə verdiyi töhfələri qiymətləndirmək məqsədilə qeyd olunur.

Ardınca sosial iş ixtisası üzrə ingilis dilində təhsil alan birinci kurs tələbəsi Cəmilə Məmmədova iştirakçılara günün tarixi və “Yaşlı insan” anlayışı haqqında məlumat verib. Cəmilə Məmmədova qeyd edib ki,  Dünya Ahıllar Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də  qeyd olunur. BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 70 yaşına çatmış Azərbaycan vətəndaşları, habelə Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.

Qeyd edək ki, Azərbaycanda Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq qeyd olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR