XƏBƏRLƏR
Sosial iş tələbələrinin ikinci dostluq debatı keçirilib
Azərbaycan Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial iş ixtisası üzrə təhsil alan tələbələri arasında ikinci dostluq debatı təşkil olunub. Budəfəki debatda iştirakçılar “Ailə daxilində zorakılıq görmüş və dövlət müəssisəsinə yerləşdirilmiş uşaq övladlığa götürülməlidirmi?” sualı ətrafında çəkişiblər.
Görüş Azərbaycan Universitetinin tədris binasında keçirilib. Sosial işin təşkili kafedrasının müəllimi Ayxan Qəhrəmanov tələbələri və münsifləri debatın mövzusu və qaydaları ilə tanış edib, debatı açıq elan edərək sözü spikerlərə verib.
Debatda hər iki universitetdən 6 debatçı və 3 spiker iştirak edib. Birinci spikerlər uşaqlara yönəlmiş zorakılıq halları və zorakılığa məruz qalmış uşaqların üzləşdiyi problemlər haqqında danışıb. İkinci spikerlər arqumentlərlə rəqiblərin fikirlərini təkzib etməyə çalışıblar. Üçüncü spikerlər isə problemlə bağlı həll yolları təklif ediblər.
Münsiflər heyəti spikerlərin çıxışını müsbət qiymətləndirib, bu istiqamətdə debatların davam edəcəyini bildirib.
Qeyd edək ki, Sosial iş tələbələri arasında dostluq debatının birincisi “Ahıl şəxslərin ahıllar evinə yerləşdirilməsi və yerləşdirilməməsi” mövzusunda bir il əvvəl ADMİU-da keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi