XƏBƏRLƏR

Sosial iş tələbələri “Beynəlxalq Miqrantlar Günü” haqqında məlumatlandırılıb

Sosial iş tələbələri “Beynəlxalq Miqrantlar Günü” haqqında məlumatlandırılıb

19 dekabr 2022

Baxış sayı: 7265

Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasının təşəbbüsü ilə “18 Dekabr – Beynəlxalq Miqrantlar Günü”nə həsr olunan tədbir keçirilib. Tədbirin qonağı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, “Azərbaycan 2030: Sosial və İqtisadi Tərəqqi Naminə” QHT Koalisiyasının Rəyasət Heyətinin sədri, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov olub. 

Sosial iş tələbələrinin iştirak etdiyi tədbirdə kafedranın müdiri Tünzalə Verdiyeva “Beynəlxalq Miqrantlar Günü”nün 2000-ci ildən başlayaraq qeyd olunduğunu diqqətə çatdırıb. Miqrantların həssas kateqoriyaya aid edildiyini bildirən kafedra müdiri bildirib ki, günümüzdə İkinci Dünya Müharibəsindən sonra dünyada ən böyük miqrant axını yaşanır. Miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Bu baxımdan Sosial iş ixtisasında oxuyan tələbələrin bu sahədə dünyada baş verən proseslər haqqında məlumatlı olmaları son dərəcə vacibdir. 

Tədbirin qonağı Azər Allahverənov dünyada və Azərbaycanda miqrasiyanın vəziyyəti ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb, miqrant sayının dünya miqyasında ildən ilə artdığını bildirib. Ekspert qeyd edib ki, dünyanın təxminən bütün ölkələrində miqrasiya prosesi bu və ya digər formada təzahür edir. Bu gün dünyada təxminən 200 milyon miqrant var.  Yaxşı həyat axtarışı ilə yanaşı müharibələrin də artması insanların ölkələrini tərk etməsi və miqrasiya prosesinin daha geniş miqyasda baş verməsi ilə nəticələnir. Bu səbəbdən miqrasiya proseslərinin tənzimlənməsi, effektiv idarə olunması ilə yanaşı miqrantların hüquqlarının təmin edilməsi də xüsusi əhəmiyyət kəsb edir.  

Qonaq tələbələrə miqrant, miqrasiya, miqrasiya formaları, mənşə və təyinat ölkələri, miqrasiya mübadiləsi, daxili miqrasiya, mədəniyyətlərarası kommunikasiyada miqrantların rolu, miqrantların təşkilatlanması, miqrasiyanın çətinlikləri və yaratdığı təhditlər və bu kimi digər aktual anlayış və mövzular haqqında da məlumat verib. 

Sonda tələbələrin mövzuya dair sualları cavablandırılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR