XƏBƏRLƏR
Təhsil Tələbə Krediti Fondu Azərbaycan Universitetində maarifləndirici görüş keçirib
Təhsil Tələbə Krediti Fondu tərəfindən Azərbaycan Universitetinin ödənişli əsaslarla təhsil alan tələbələri üçün maarifləndirici görüş keçirilib. Görüşdə fondun Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova qurumun yaradılmasının məqsədi, fondun fəaliyyət istiqamətləri, tələbə kreditinə müraciət qaydaları, qeydiyyat prosesi, tələbə kreditinin növləri və verilməsinin meyarları haqqında təqdimatla çıxış edib.
Günay Xəlilova çıxışında kreditin verilməsinə dair tələblər haqqında tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirib, həmçinin onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu prezident İlham Əliyevin fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb. Fondun missiyası təhsilin əhatə dairəsini genişləndirmək, əlçatanlığını təmin etmək və təhsil almaqda bərabər imkanlar yaratmaqdır. Təhsil tələbə kreditlərinin verilməsinə 2021-ci ilin noyabr ayından başlanıb. Azərbaycan Universiteti üzrə fonda indiyə qədər 1200 müraciət olub, 384 tələbəyə sosial kredit, 585 tələbəyə isə standart kredit təyin olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi