XƏBƏRLƏR

Tələbələr Berlitz metodu ilə tanış oldular

Tələbələr Berlitz metodu ilə tanış oldular

27 sentyabr 2016

Baxış sayı: 5960

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində təhsil alan tələbələr üçün “Berlitz” xarici dil öyrənmə metodunun təqdimatı və sınaq dərsi keçirilib. Tədbirdə universitetin Tərcümə (İngilis dili) və İngilis dili müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələri və bir qrup əməkdaşı iştirak edib.
“Max Group” tərəfindən təşkil olunan tədbiri mərkəzin icraçı direktoru Fərqanə Fərmanlı açıb. İcraçı direktor “Max Group” dil tədrisi mərkəzinin fəaliyyəti, təqdim olunan kurslar və xidmətlər, o cümlədən “Berlitz” metodu haqqında məlumat verib.
Fərqanə Fərmanlı qeyd edib ki, mərkəzdə xarici dillər dünyanın ən effektiv xarici dil öyrədən metodu olan “Berlitz” ilə tədris edilir. 1978-ci ildən başlayaraq tətbiq olunan bu metod danışıq və dialoqlara əsaslanır, dərs zamanı tərcümədən istifadə olunmur, qrammatika əzbərlənmir, dərslər təbii danışıqla keçirilir və ən əsası isə ev tapşırığı olmur. “Berlitz”i Azərbaycanda tətbiq edən ilk mərkəz məhz “Max Group”dur.
Daha sonra isə universitetin əməkdaşları və tələbələri üçün mərkəzin müəllimi Dilarə Tağıyeva tərəfindən ödənişsiz sınaq dərsi təşkil olunub.
Tədbirin ardından mövzu ilə bağlı müraciət etdiyimiz müəllim və tələbələr bu metodun Tərcümə və İngilis dili müəllimliyi ixtisasları üzrə kadr hazırlığının müvafiq forma və tələblərinə cavab verməsə də, “Berlitz” ilə tanış olmanın onlar üçün maraqlı olduğunu bildirdilər.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
27.09.2016

DİGƏR XƏBƏRLƏR