XƏBƏRLƏR
Təcrübəçi tələbələrin şair Qəşəm Nəcəfzadə ilə görüşü təşkil olunub
Azərbaycan Universitetinin “Ulduz” jurnalında istehsalat təcrübəsinə başlayan Filologiya (Azərbaycan dili və ədəbiyyatı) və Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələrinin Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə ilə görüşü təşkil olunub. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin təşkilatçılığı ilə birliyin “Natəvan” klubunda keçirilən görüşdə tələbələrə şairin həyatı və yaradıcılığı, o cümlədən müasir Azərbaycan ədəbiyyatına töhfələri, əsərlərində qaldırdığı mövzular haqqında məlumat verilib. Qeyd edilib ki, Qəşəm Nəcəfzadənin indiyə qədər 40-a yaxın kitabı çap olunub. Bu kitablardan 18-i xarici ölkələrdə işıq üzü görüb. Şeirləri 20-dən çox dilə tərcümə olunub.
Qəşəm Nəcəfzadə tələbələrlə görüşməkdən məmnuniyyət duyduğunu bildirib, öz şeirlərini səsləndirib, sualları cavablandırıb.
Görüşdə təcrübəçi tələbələrlə birlikdə təcrübə rəhbəri, Tərcümə və filologiya kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, Azərbaycan Universitetinin məzunu, şair Taleh Mənsur da iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi