XƏBƏRLƏR

Tələbələrimiz beynəlxalq birgə tədqiqata cəlb olunublar

Tələbələrimiz beynəlxalq birgə tədqiqata cəlb olunublar

18 noyabr 2020

Baxış sayı: 2384

Azərbaycan Universitetinin sosial iş ixtisası üzrə təhsil alan tələbələri beynəlxalq birgə tədqiqat layihəsinə cəlb olunublar. ABŞ-da fəaliyyət göstərən ATLAS&RB Tədqiqat İnstitutunun “SCRIPS” (Tələbələrin Beynəlxalq Davamlılıq Platforması) platformasının tərkibində həyata keçirilən layihənin məqsədi dünyanın müxtəlif ölkələrində pərakəndə halda aparılan COVID-19 pandemiya tədqiqatları arasında vəhdət yaratmaq və onları bir-biri ilə əlaqələndirməkdir.

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov bildirib ki, SCRIPS birgə beynəlxalq öyrənmə üçün onlayn tələbə məlumat mübadiləsi platformasıdır. Bu platforma vasitəsi ilə tələbələr qlobal məsələləri müzakirə etmək üçün digər ölkələrdəki həmyaşıdları ilə əlaqə qurur və həll yolları üçün məlumat əldə edirlər.  Bu layihə üçün 13 ölkədən tələbə seçilib. Tələbələr pandemiyanın öz ölkələrində törətdiyi fəsadları araşdıracaqlar. Əldə olunan nəticələrin məqalə formasında çap olunması nəzərdə tutulur. Platforma çərçivəsində daha sonra qaçqın və məcburi köçkün böhranı, miqrasiya problemlərinin də beynəlxalq müstəvidə araşdırılması planlaşdırılır.

Azərbaycanı layihədə tələbələrimiz Aygün Qurbanova, Aygün Muradlı və Lalə Hüseynli təmsil edir. Doktorantura tələbəsi Aygün Qurbanova “COVID-19 pandemiyasının məişət zorakılığına təsiri”, magistratura tələbəsi Aygün Muradlı “Pandemiyanın talassemiyalı insanların həyatına təsiri”, bakalavriat 4-cü kurs  tələbəsi Lalə Hüseynli isə “65 yaşından yuxarı şəxslərə karantin qaydalarının tətbiqinin onların sosial-psixoloji vəziyyətinə təsiri” mövzusunu araşdıracaq. Tələbələr müvafiq nəzəri və praktik seminarların ardından tədqiqata başlayıblar.

Daha ətraflı məlumat üçün keçid: 
http://www.rb-tdinstitute.org/index.php/features-2/scrip

İctimaiyyətlə əlaqələr şöbəsi
18.11.2020

DİGƏR XƏBƏRLƏR