XƏBƏRLƏR

Tələbələrimiz “Şəhid qardaşıma məktub” inşa-yazı müsabiqəsinə qoşulub

Tələbələrimiz “Şəhid qardaşıma məktub” inşa-yazı müsabiqəsinə qoşulub

26 aprel 2021

Baxış sayı: 2311

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən 27 sentyabr - Şəhidlərin Anım Günü ilə əlaqədar silsilə tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlərdən biri də Nəsimi rayon ərazisində yerləşən universitetlərdə təhsil alan gənclər arasında keçirilən “Şəhid qardaşıma məktub” inşa-yazı müsabiqəsidir. Azərbaycan Universitetinin müxtəlif ixtisaslar üzrə təhsil alan 100-ə yaxın tələbəsi müsabiqəyə qoşulub.

Müsabiqənin Azərbaycan Universitetinin tələbələri üçün keçirilən açılış mərasimində YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək tələbələrə müsabiqə haqqında məlumat verib. Millət vəkili bildirib ki, 2020-ci il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Milli Ordumuz otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı təcavüzkar Ermənistanın quldur ordusundan azad edib. Haqq və ədalət uğrunda aparılan 44 günlük Vətən Müharibəsi möhtəşəm Zəfərlə  nəticələnib. Bu Zəfər yüzlərlə şəhidimizin  qanı ilə yazılıb. Bu Zəfəri biz şəhidlərimizə və qazilərimizə borcluyuq. Hər birimiz həm vətəndaş kimi, həm də tutduğumuz vəzifə çərçivəsində gənc nəslin onlar kimi formalaşmasında məsuliyyət daşıyırıq. Bu mənada YAP Nəsimi rayon təşkilatı ardıcıl olaraq həm I Qarabağ, həm də Vətən Müharibəsinin qəhrəmanlarının gənclər arasında təbliği  məqsədilə müxtəlif tədbir və  layihələr həyata keçirir, rayon təşkilatı rayon ərazisində yaşayan şəhid ailələri və qaziləri ilə sıx əlaqə saxlayır, onların problemlərinin həllinə çalışılır.

Qeyd edək ki, mövcud koronavirus pandemiyasını nəzərə alaraq, müsabiqə  online formatda təşkil olunur. Müsabiqənin  keçirilmə qaydaları YAP Nəsimi rayon təşkilatının Facebook səhifəsində verilib. Müsabiqənin münsiflər heyətinin tərkibində şəhid ailələri və qazilər də var. İnşa-yazı müsabiqəsinin 15 may tarixində yekunlaşdırılması planlaşdırılır.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.04.2021

DİGƏR XƏBƏRLƏR