XƏBƏRLƏR

Tələbələrin ifasında Həmrəylik Gününə həsr olunan bədii proqram təqdim edilib

Tələbələrin ifasında Həmrəylik Gününə həsr olunan bədii proqram təqdim edilib

28 dekabr 2023

Baxış sayı: 913

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin ingilis dili üzrə hazırlıq qruplarında oxuyan tələbələrin ifasında ədəbi-bədii proqram təqdim olunub. Xarici dillər kafedrası tərəfindən təşkil olunan tədbir “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunub.

Tədbiri giriş sözü ilə kafedranın müdiri Aygün Qasımova açaraq günün tarixi və əhəmiyyəti haqqında danışıb. Kafedra müdiri qeyd edib ki, “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda Araz çayı boyunca SSRİ- İran  sərhəd qurğularının dağıdılması ilə qoyulub. 1992-ci ildən başlayaraq isə dövlət səviyyəsində qeyd olunur. 31 dekabr tarixinin rəsmiləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider 1991-ci ildə dekabrın 31-ni “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan edib.  Heydər Əliyevin azərbaycanlıların həmrəyliyi və birliyi ilə bağlı ideyaları bu gün aktualdır. Cənab Prezident İlham Əliyev ümumilli liderin bu istiqamətdəki siyasətini də uğurla davam etdirir.

Kafedra müdiri vurğulayıb ki, həmrəylik günü dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızın müstəqil Azərbaycan dövləti ilə əlaqələrinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və inkişafına xidmət edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, Vətənə bağlılıq, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini özündə təcəssüm etdirir. Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq ana vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına, mədəniyyətimizin təbliğinə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu hesab etməlidir.

Çıxışın ardından tədbir iştirakçıları tələbələrin ifasında ədəbi-bədii kompozisiyanı izləyiblər. Aytən Aslanova, Xəyyam Əsədov, Gülsüm Əhmədova, Arzu Hacızadə, Narmina Kalabalıyeva,  Tacəddin İsazadə, Nigar Məhərrəmova, Aytac Quliyeva, Fatimə Zeynalabdiyeva Azərbaycan, ingilis, rus və alman dillərində təqdimatla çıxış edib, şeir və mahnılar səsləndiriblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR