XƏBƏRLƏR

Tünzalə Verdiyeva www.autizmders.az saytının təqdimat mərasimində iştirak edib

Tünzalə Verdiyeva www.autizmders.az saytının təqdimat mərasimində iştirak edib

02 iyun 2022

Baxış sayı: 1308

Azərbaycan Universiteti Sosial işin təşkili kafedrasının müdiri, autizm tədqiqtçısı, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihə çərçivəsində autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqi və www.autizmders.az saytının təqdimat mərasimində iştirak edib.

Kafedra müdiri tədbirdə “Autizm sindromlu uşaqların inkişaf xüsusiyyətləri” mövzusunda çıxış edib. Tünzalə Verdiyeva çıxışında autizm sindromunun tədqiqat tarixi, inkişaf xüsusiyyətləri, autizmli uşaqların valideynlərinin qarşılaşdığı psixo-sosial problemlər, autizmli uşaqların sosiallaşması və cəmiyyətə inteqasiya olunması yolları haqqında məlumat verib.

Hökumət və qeyri-hökumət qurumları nümayəndələrinin iştirak etdiyi tədbirdə Agentliyin sədri Vüqar Behbudov yeni layihənin həm sağlamlıq imkanları məhdud uşaqlar, həm də onların valideynləri üçün əhəmiyyətini qeyd edib.

Bildirilib ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası ilə bağlı valideynlərinin bacarıqlarının artırılması, bu sahədə innovativ həllərin tətbiqinin genişləndirilməsidir.

“AutizmDERS” vasitəsilə valideynlər uşaq psixoloqu, loqoped, özəl pedaqoq və müalicəvi idman müəllimlərinin iştirakı ilə hazırlanmış video materiallardan istifadə edə biləcək. Bununla övladlarının ev şəraitində də bir sıra reabilitasiya tədbirləri ilə əhatə olunmalarına dəstək verə biləcəklər.

Tətbiqdən istifadə edən şəxslər müəyyən qrafik üzrə video dərslərə xatırlatma qoya və fərdi planlaşdırmanı asanlıqla apara biləcəklər. Tətbiq valideynlərə uşaq inkişafı ilə bağlı resurs mərkəzi funksiyasını da yerinə yetirəcək.

İlkin mərhələdə 7 istiqamət üzrə 200 video dərs tərtib olunub və həm veb səhifəyə, həm mobil tətbiqə yerləşdirilib. Video materialların məzmunu hazırlanan zaman bir sıra ölkələrin mütəxəssislərinin tədris proqramı və vəsaitlərindən istifadə olunub.

Evdə fərdi məşğələlər keçirməyi öyrədən videodərslərdən sağlamlıq imkanları məhdud, xüsusilə də autizm sindromundan əziyyət çəkən uşağı olan hər bir valideyn yararlana bilər.

“AutizmDERS” mobil tətbiqini həm iOS (Apple Store), həm də Android (Google Play) əməliyyat sistemli smartfonlarda istifadə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.06.2022

DİGƏR XƏBƏRLƏR