XƏBƏRLƏR

Tural Qocayev Dubrovnik Universitetinin tələbələrinə mühazirə oxuyub

İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev aprelin 22-dən 29-dək “Erasmus+ Staff Mobility” mübadilə proqramı çərçivəsində Xorvatiyanın Dubrovnik Universitetində tədris prosesində iştirak edib. Kafedra müdiri bu ali təhsil müəssisəsinin tələbələrinə ümumilikdə 8 akademik saat olmaqla “Globalization and International Business”, “Trade Protectionism”, “Trade and Factor Mobility Theory”, “Global Production and Supply Chains” və “Global Marketing” mövzularında mühazirə oxuyub.  

Tural Qocayev Dubrovnik Universitetinin tələbələri üçün Azərbaycan haqqında təqdimat da edib. Azərbaycanın tarixi,  iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, o cümlədən Azərbaycan Universitetinin fəaliyyəti, beynəlxalq əlaqələri və ikili diplom proqramları haqqında təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Kafedra müdiri saytımıza açıqlamasında qeyd edib ki, “Erasmus+ Staff Mobility” proqramı tədrisin keyfiyyətinin yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir və yerli universitetlərə yeni tədris texnikaları gətirir: “Xarici universitetlərlə əməkdaşlıq universitetlərin uğuru üçün vacibdir. Xorvatiya universitetləri ilə tərəfdaşlığın inkişafı Azərbaycan Universitetinin beynəlmiləlləşmə strategiyasının tərkib hissəsidir. Dubrovnik Universiteti ilə mobillik əlaqəsinin yaradılması öz bilik və bacarıqlarını inkişaf etdirmək istəyən akademik heyət üçün yeni imkanlar yaradır”. 

Qeyd edək ki, “Erasmus+” mübadilə proqramı tərəfdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Tələbələr proqram çərçivəsində xarici ölkələrdə təhsil almaqla ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə, gələcək iş həyatı üçün bir sıra vacib bacarıqlara yiyələnə bilərlər. Proqram həmçinin professor-müəllim heyətinin xarici ölkələrin ali təhsil müəssisələrində tədris prosesində qısamüddətli iştirakını təmin edir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR