XƏBƏRLƏR

Turizmçi tələbələrin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub

Turizmçi tələbələrin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub

10 oktyabr 2023

Baxış sayı: 769

Azərbaycan Universitetinin turizm işinin təşkili ixtisası üzrə təhsil alan I kurs tələbələrinin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub. Tələbələr burada zəfərlə başa çatan Vətən müharibəsində işğalçı Ermənistan ordusundan qənimət götürülən hərbi texnika və sursatlar, Azərbaycan əsgəri tərəfindən darmadağın edilən istehkamların maketləri, yeraltı yol və səngərlər, həmçinin müxtəlif mövzularda təşkil olunan guşələrlə tanış olublar. 

Tələbələrə məlumat verilib ki, 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı 2021-ci il aprelin 12-də açılıb. Parkın açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Burada sərgilənən qənimətlər müxtəlif istiqamətlidir. Vətən müharibəsinin gedişatını əks etdirən bu eksponatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa imkan yaradır.

Bildirilib ki, parkdakı eksponatların arasında Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, döyüş bölgəsindən uzaq ərazilərin raket zərbələrinə məruz qalması nəticəsində dinc sakinlərin qətlə yetirilməsi və müharibə cinayətləri barədə faktlar, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Sərgilənən texnikanın əksəriyyəti yararlı vəziyyətdədir. 

Parkın ərazisində qurulan “Kinozal” otağında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qələbə tvitlərini, Vətən müharibəsi ilə əlaqədar çıxışlarını, Vətən müharibəsinə aid videoçarxları və qısametrajlı filmləri izləmək mümkündür.

Tələbələrə Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi və İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Ülvi Süleymani rəhbərlik edib. Ekskursiyanın təşkili prosesini isə turizm bələdçiliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri Ülviyyə Abdullayeva, Rəfiqə Sadıqova və Abuzər Sərxanov həyata keçiriblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR