XƏBƏRLƏR

Professor Hasan Bulut Azərbaycan Universitetində elmi seminar keçib

Professor Hasan Bulut  Azərbaycan Universitetində elmi seminar keçib

15 noyabr 2023

Baxış sayı: 1153

Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasında “Tətbiqi riyaziyyat və ədədi üsullar” mövzusunda elmi seminar keçirilib. Seminarda Türkiyənin Fırat Universiteti, Təbiət elmləri fakültəsi, Tətbiqi riyaziyyat kafedrasının Riyaziyyat bölümünün müdiri, Fırat Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə məsləhətçisi, professor Hasan Bulut məruzə ilə çıxış edib. 

Tədbiri giriş sözü ilə elmi işlər üzrə prorektor Yusif Qasımov açaraq qonağı iştirakçılara təqdim edib. Bildirib ki, elmi nəticələrinə görə dünya alimlərinin ilk iki faizi sıralamasına daxil olan Hasan Bulut “H” indeksinə görə Web of Science bazası üzrə dünya alimləri arasında 41-ci yerdədir. Çap olunmuş 249 əsərinə bu bazada 4 min 899 istinad edilib. Bu göstəricilərə görə o, öz sahəsində Türkiyədə 4-cü, Avropada 282-ci, dünyada 828-ci yerdədir. Hasan Bulutun rəhbərliyi ilə 6 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 2023-cü ildən isə Azərbaycan Universitetinin fəxri professorudur.

Sonra məruzəçi “Xətti olmayan diferensial tənliklərin analitik və ədədi həll üsulları” mövzusunda məruzə edib. Mövzu adi və xüsusi törəməli, o cümlədən kəsr tərtib diferensial tənliklərin təkmilləşdirilmiş həll üsullarının verilməsinə həsr olunub. Professor Hasan Bulut bu istiqamətdə aldığı nəticələr, o cümlədən  bu nəticələrin həm nəzəri həm də praktik əhəmiyyəti haqqında məlumat verib.  Bildirib ki, alınmış  nəticələr yüksək impakt faktorlu beynəlxalq jurnallarda çap olunub.

Sonda Hasan Bulut bu sahədə tədqiqat aparmaq istəyənlərə öz tövsiyələrini verib. Gələcəkdə Azərbaycan Universitetinin əməkdaşları ilə müştərək elmi tədqiqatların aparılması məqsədəuyğun hesab edilib və bu istiqamətdə razılığa gəlinib.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR