XƏBƏRLƏR

“Xalqın səsi... artıq qaçqın deyilik” mövzusunda vebinar keçirilib

“Xalqın səsi... artıq qaçqın deyilik” mövzusunda vebinar keçirilib

23 dekabr 2020

Baxış sayı: 2351

Azərbaycan Universitetində növbəti qələbə vebinarı Xarici dillər kafedrası tərəfindən təşkil olunub. “Xalqın səsi... artıq qaçqın deyilik” mövzusuna həsr olunmuş vebinarın qonağı qafqazinfo.az saytının redaktoru, jurnalist Emin Səfərov olub. Tədbirin moderatorluğunu xarici dillər kafedrasının müdiri Samirə Məmmədova edib.

Emin Səfərov çıxışında birinci Qarabağ müharibəsi zamanı, Azərbaycanın böyük qaçqın və məcburi köçkün böhranı ilə üzləşdiyi ağır bir dövrdə  - Ağdamın işğalından sonra 5 yaşında ikən ailəsi ilə birlikdə məcburi köçkün vəziyyətinə düşdüyünü, 1998-ci ilə qədər çadır şəhərciyinİdə yaşadığını bildirib. Çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin qarşılaşdıqları çətinlik və məhrumiyyətləri yada salan jurnalist qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda aparılan müharibənin qələbə ilə başa çatması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə bir milyona yaxın insanın məcburi köçkünlük həyatı sona çatıb və onlar doğma yurdlarına qayıtmaq imkanı əldə ediblər. Emin Səfərov bildirib ki, məcburi köçkünlüyü illərdir çiyinlərində ağır bir yük kimi daşıyıb, Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək, Azərbaycan əsgərinin qanı, canı bahasına əldə olunmuş möhtəşəm qələbə yüz minlərlə Azərbaycan vətəndaşı kimi onu da bu ağır yükdən xilas edib.

44 günlük müharibə dövründə qaynar nöqtələrdə peşə fəaliyyətini icra edən Emin Səfərov cəbhə xəttində və kənarında yaşayan mülki əhalinin əhval-ruhiyyəsi və jurnalistlərə olan münasibətləri haqqında danışıb, döyüş meydanında uduzan düşmənin mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktlarını, müharibə cinayətlərini işıqlandırarkən keçirdiyi hissləri tədbir iştirakçıları ilə bölüşüb. Jurnalist qeyd edib ki, işğaldan azad olunmuş torpaqlara ayaq basanda, dalğalanan üçrəngli bayrağı görəndə yaşadığı qürur hissini sözlə ifadə etmək mümkün deyil, möhtəşəm qələbə üçün ilk növbədə şəhidlərimizə və onların ailələrinə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında davam edib.

Tədbirdə dilşünaslıq ixtisası üzrə magistratura tələbələri Nigar Rəhimova və Sevil Orucovanın “Qarabağ Azərbaycandır” mövzusunda çıxışları da dinlənilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.12.2020


DİGƏR XƏBƏRLƏR