XƏBƏRLƏR

Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri  keçirilib

26 fevral 2025

Baxış sayı: 150

Azərbaycan Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Anım tədbirində qeyd olunub ki, Xocalı soyqırımı sonrasında yaşanan hadisələrin gedişatı, Azərbaycan dövlətinin sürətli və hərtərəfli inkişafı, Qarabağ Zəfəri və davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror əməliyyatı sübut etdi ki, güclü olan xalqlar tarix boyu faciəli günlərdən keçib. Aradan keçən 33 il ərzində Azərbaycan xalqının həyatında mühüm hadisələr və dəyişikliklər baş verib. İşğalçı Ermənistan ordusu ölkə ərazisindən çıxarılıb, Azərbaycan indi özünün bütün dövlət sərhədlərinə nəzarət edir. Azərbaycan xalqı öz suverenliyinin bərpasını da, ərazi bütövlüyünün və suverenliyin bərpası uğrunda şəhid olan övladlarını da, Xocalı soyqırımının günahsız qurbanlarını da heç vaxt unutmayacaq.  

Tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov, Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi analitik, hərbi ekspert Rizvan Hüseynov və Dövlət Məşğulluq Agentliyinin Proseslərin koordinasiyası şöbəsinin müdiri Səbuhi Yunuslunun məruzələri dinlənilib. 

Elmi işlər üzrə prorektor Yusif Qasımov çıxışında anım günlərinin əhəmiyyətini qeyd edib. Hərbi ekspert Rizvan Hüseynovun çıxışı Xocalı şəhərinin işğalı, Xocalı soyqırımının səbəb və nəticələrinə həsr olunub. Səbuhi Yunuslu isə işğaldan azad edilmiş ərazilərə, o cümlədən Xocalıya böyük qayıdış, aparılan bərpa-quruculuq işləri və əhalinin məşğulluğunun təmin edilməsi haqqında məlumat verib. 

Qeyd edək ki, universitetin sərgi zonasında “Xocalı soyqırımı jurnalistlərin obyektivində”adlı fotosərgi də təşkil olunub. Sərgidə yerli və xarici jurnalist və fotoqrafların faciədən dərhal sonra Xocalı və Ağdamda çəkdikləri şəkillər nümayiş olunur. 

İctimaiyyətlə əlaqələr şöbəsi

                    


DİGƏR XƏBƏRLƏR