XƏBƏRLƏR

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

26 fevral 2024

Baxış sayı: 512

Azərbaycan Universitetində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə qeyd olunub ki, Azərbaycan dövləti və xalqı müstəqilliyinin ilk addımlarından başlayaraq bir sıra ciddi sınaqlarla üzləşib. Bu sınaqlardan ən ağırı və ən dəhşətlisi 32 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımıdır. Uzun illər informasiya blokadasında qalan Azərbaycan öz həqiqətlərinin dünyaya ardıcıl və sistemli şəkildə çatdırılmasına 2000-ci ildə başlaya bilib. 2008-ci ildə start verilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində faciənin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, soyqırımı faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunub.

Diqqətə çatdırılıb ki, Xocalı soyqırımının günahsız qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bu gün cənab Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub. “Böyük Qayıdış” prosesi tezliklə Xocalını da əhatə edəcək. 

Tədbirdə Xocalıda aşkarlanan kütləvi məzarlıqlar haqqında da məlumat verilib, anım tədbirlərinin əhəmiyyəti vurğulanıb. 

Sonda tədbirin qonağı, Azərbaycan Milli Konservatoriyasının İnstrumental ifaçılıq fakültəsinin II kurs tələbəsi Ağaməli Niftəlizadə və Azərbaycan Universitetinin Dövlət və İctimai münasibətlər ixtisası üzrə II kurs tələbəsi Mahir Kazımlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Ağaməli Niftəlizadə kamançada “Xocalı fəryadı” əsərini, Mahir Kazımlı isə Xocalıya həsr olunmuş şeir ifa edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR