XƏBƏRLƏR

Doktorant Xumar Abdullayevanın ilkin müzakirəsi keçirilib

Doktorant Xumar Abdullayevanın ilkin müzakirəsi keçirilib

02 aprel 2019

Baxış sayı: 3534

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının açıq iclasında Xumar Vəliyəddin qızı Abdullayevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “İngilis-Azərbaycan fantastika ədəbiyyatının inkişaf təmayülləri (Herbert Uels və Azərbaycan elmi fantastikası)” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Kafedra müdiri, dosent Ülviyyə Rəhimovanın sədrlik etdiyi iclasda kafedranın professor-müəllimi heyəti iştirak edib. Kafedra müdiri müzakirə iştirakçılarına namizədi təqdim edib, elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib. Ülviyyə Rəhimova bildirib ki, təqdim edilmiş dissertasiya işi girişdən, üç fəsildən, nəticədən və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir. Müəllif İngilis ədəbi-bədii fikrində elmi-fantastik ədəbiyyatın yaranması, tarixi, inkişaf mərhələləri, habelə görkəmli sənətkar Herbert Uellsin fantastikası ilə elmi tərəqqi arasında mövcud olan münasibətlər sistemini araşdırıb. Bu baxımdan, dissertasiyanın mövzusunun əhəmiyyəti və müəllifin problemə münasibəti müəyyən mənada elmi-fantastikanın aktual problematikasının məhvərini aşaraq həm də ədəbi əlaqələr baxımdan aktuallaşır və maraq doğurur.

Namizəd işin aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, işin yeniliyi, eyni zamanda görülən işlər barədə  məlumat verib, işin məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, irad və təkliflərini bildiriblər. Müzakirədə prof. Qorxmaz Quliyev, prof. Asif Hacıyev, prof. Fərahim Sadıqov , prof. Cəlil Nağıyev, dos. Fərhad Mədətov, dos. Ülviyyə Əliyeva çıxış edərək dissertasiyanın elmi əhəmiyyətini vurğulayıblar. Elmi işin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiə üçün  tövsiyə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.04.2019

DİGƏR XƏBƏRLƏR