XƏBƏRLƏR

Yeni hədəfimiz tədqiqatyönümlü universitet olmaqdır

Yeni hədəfimiz tədqiqatyönümlü universitet olmaqdır

07 fevral 2018

Baxış sayı: 4767

Azərbaycan Universitetində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair yığıncaq keçirilib. Tədbirdə universitet rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.

Tədbirdə öncə rektor Səadət Əliyeva 2017-ci il üçün universitetin illik fəaliyyətinin nəticələrinə həsr olunmuş məruzə ilə çıxış edib. Məruzədə universitetin əldə etdiyi uğurlar, maddi-texniki bazanın yaxşılaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetin idarə olunmasının müasir tələblər səviyyəsində qurulması istiqamətində görülmüş işlər, həmçinin strateji inkişaf planında qarşıya qoyulmuş vəzifələr diqqətə çatdırlıb.

Rektor çıxışında Azərbaycan Universitetinin növbəti hədəflərini də açıqlayıb.  Səadət Əliyeva bildirib ki, elektron universitet modelinə keçid, ikili diplom proqramlarının tətbiqi və tədqiqat yönümlü universitet hədəflərinə nail olmaq qarşıda duran prioritet məqsədlər kimi müəyyənləşdirilib.

Tədbirdə daha sonra elmi işlər üzrə prorektor, prof. Yusif Qasımov 2017-ci il ərzində aparılmış elmi- tədqiqat işləri, keçirilmiş elmi konfranslar, universitetin beynəlxalq nüfuzunun artırılması istiqamətində görülmüş işlər haqqında məlumat verib. 

Yusif Qasımov qeyd edib ki, 2017-ci il ərzində Universitetin elmi fəaliyyət sahəsində ən böyük uğuru dünyanın məşhur elmi qiymətləndirmə sistemi olan “Thomson Reuters”  platformasına tam çıxış əldə etmiş olmasıdır. Prorektor bildirib ki, 5-7 Aprel 2018-ci il tarixdə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə ölkə xaricində ilk beynəlxalq konfrans keçiriləcək. Latviyanın Liepaja Universiteti ilə birgə keçiriləcək “İnnovasiyalar və yaradıcılıq” (Innovations and Creativity) mövzusunda II beynəlxalq elmi konfransın həmtəşkilatçısı kimi seçilməsi Azərbaycan Universitetinin elm və təhsil müəssisəsi olaraq artan beynəlxalq nüfuzunun göstəricisidir.

Prorektor çıxışında universitetin elmi nüfuzunun yüksəldilməsi, professor-müəllim heyətinin elmi potensialından daha səmərəli istifadə edilməsi istiqamətində həyata keçiriləcək stimullaşdırıcı tədbirlər haqqında da məlumat verib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
07.02.2018

DİGƏR XƏBƏRLƏR