XƏBƏRLƏR

Dünya Autizm Gününə həsr olunmuş “2 Aprel - Yer Kürəsi Mavi görkəmdə” adlı tədbir keçirilib

Dünya Autizm Gününə həsr olunmuş  “2 Aprel - Yer Kürəsi Mavi görkəmdə” adlı tədbir keçirilib

01 aprel 2022

Baxış sayı: 1234

Azərbaycan Universitetində 2 Aprel – Dünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş “2 Aprel - Yer Kürəsi Mavi görkəmdə” adlı tədbir keçirilib. Tədbir, Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya” klubu tərəfindən təşkil olunub. Tədbirin moderatorluğunu klubun sədri və Sosial iş ixtisası üzrə III kurs tələbəsi Məhəmməd Ələkbərov edib.

Məhəmməd Ələkbərov bildirib ki, autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci ildən 2 aprel tarixi “Dünya Autizm Məlumatlandırma Günü” kimi qeyd olunur. Həmin gün dünyanın müxtəlif ölkələrində binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılır. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaq, autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.

Daha sonra Sosial iş ixtisası üzrə III kurs tələbələri Həsən İsgəndərov “Autizm nədir?”, Mədinə Rəhimova “Azərbaycanda autizm”, Emin Məmmədov “Autizm sindromlu şəxslərin ailələri ilə iş”, Nərmin Rzayeva “Autizmli savant sindromu”, Gənclərlə iş ixtisası üzrə magistratura II kurs tələbəsi Şalan Novruzov “İnklüziv cəmiyyət və gənclik” mövzusunda məruzə edib.

Tədbir Sosial işin təşkili kafedrasının müdiri, pedoqogika üzrə fəlsəfə doktoru, Azərbaycanda autizm sindromu üzrə ilk tədqiqatçı Tünzalə Verdiyevanın çıxışı ilə yekunlaşıb. Kafedra müdirinin çıxışı autizm probleminin mövcud vəziyyəti və autizm sindromlu uşaq və yeniyetmələrin cəmiyyətə adaptasiyası yolları, özünüdərk imkanlarına həsr olunub. Kafedra müdiri iştirakçılara autizmin diaqnostika və korreksiyası barədə tədqiqatından nümunələr də təqdim edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.04.2021

DİGƏR XƏBƏRLƏR