Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə ikili diplom proqramı
Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti (XNURE) arasında 2019-cu ildə imzalanan müqaviləyə əsasən kompüter mühəndisliyi istiqaməti üzrə bakalavriat və magistratura səviyyələrində beynəlxalq ikili diplom proqramı tətbiq olunur.
İkili diplom proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılır. Proqram yerli və xarici tələbələrə açıqdır. Proqrama müraciəti qəbul olunan bakalavriat tələbələri birinci və ikinci tədris ilini Azərbaycan Universitetində, üçüncü və dördüncü tədris ilini Xarkov Milli Radioelektronika Universitetində oxuyurlar. Magistratura tələbələri isə birinci tədris ilində Azərbaycan Universitetində, ikinci tədris ilində Xarkov Milli Radioelektronika Universitetində təhsil alırlar.
İkili diplom proqramının müddəti bakalavriat səviyyəsi üçün 4, magistratura səviyyəsi üçün isə 2 ildir. Fənlərin tədrisi ingilis və ya rus dillərində aparılır. Məzun ola bilmək üçün bakalavriat tələbələri AKTS (Avropa Kredit transfer Sistemi) üzrə 240, magistratura tələbələri isə 120 kredit toplamalıdırlar. Qiymətləndirmə sistemi Bolonya prosesinin tələblərinə uyğun həyata keçirilir.
Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi verilir və ali təhsil müəssisələrinin diplomları təqdim olunur.
Daha ətraflı məlumat üçün
İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi
Tel.: (+99412) 431 41 12/13/16 (121)
İtaliyanın Tuscia Universiteti ilə ikili diplom proqramı
Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında 2023-cü ildə imzalanan müqaviləyə əsasən MBA proqramının Marketinq istiqaməti üzrə ikili diplom proqramı həyata keçiriləcək. Beynəlxalq ikili diplom proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılacaq. Müraciət edən tələbələrin qiymətləndirilməsi və seçimi onların akademik göstəriciləri və ingilis dilini bilmə səviyyəsinə əsaslanacaq. Proqrama qəbul olmaq üçün tələbələr minimum “B1/B2+” ingilis dili səviyyəsinə malik olmalıdırlar.
Yerli və xarici tələbələrə açıq olan magistratura proqramında dərslər hər iki ali təhsil müəssisəsinin professorları tərəfindən tədris ediləcək. Fənlərin tədrisi ingilis və italyan dillərində aparılacaq.
İkili diplom proqramının müddəti 2 ildir. Proqrama müraciəti qəbul olunan magistratura tələbələri birinci, ikinci və üçüncü semestrdə Azərbaycan Universitetində, dördüncü semestrdə isə İtaliyanın Tuscia Universitetində təhsil alacaqlar.
İkili diplom proqramında iştirak edəcək tələbələrin sayı birinci tədris ilinin sonunda müəyyən edilir. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi veriləcək və ali təhsil müəssisələrinin diplomları təqdim olunacaq.
Daha ətraflı məlumat üçün
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
Tel.: (+99412) 431 41 12/13/16 (126)