Universitetdaxili İki Diplom Proqramı
Tələbələri iş dünyasına hazırlamaq üçün müvafiq tədbir, proqram və layihələr həyata keçirən Azərbaycan Universiteti bu istiqamətdə daha bir yeniliyə imza atıb. Belə ki, 2019-cu ildən başlayaraq tələbələrin 4 ildə 2 diplom ala biləcəkləri Universitetdaxili İki Diplom (UDİD) Proqramı tətbiq olunur.
Yüksək göstəricilərlə oxuyan tələbələrin müraciət edə biləcəkləri proqram bakalavriat pilləsində təhsil alan tələbələrə şamil olunur. Proqrama qoşulan tələbələr ikinci ixtisas üzrə əlavə təhsil alaraq iki ayrı ixtisasa yiyələnə biləcəklər. İki ixtisasa yiyələnən tələbələr rəqabətqabiliyyətli mütəxəssis kimi yetişəcək və əmək bazarının tələblərinə daha çevik uyğunlaşa biləcəklər.
Proqrama I kursu bitirmiş, əsas ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, təhsil aldığı ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85 -100 bal arasında olan tələbələr müraciət edə bilərlər.
Hər hansı iki ixtisas üzrə UDİD proqramının açılması üçün həmin ixtisasların tədris planlarında nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi ilə eynilik təşkil etməlidir. İkinci ixtisasa yiyələnmək üçün yalnız fərqli ixtisas fənlərini dinləyərək, müvafiq kreditləri toplamaq tələb olunur.
UDİD proqramına qoşulmaq istəyən tələbələr Tədris şöbəsinə müraciət etməlidirlər.
Universitetdaxili İki Diplom Proqramının Qaydaları (PDF)
Daha ətraflı məlumat üçün
Azərbaycan Universiteti Tədris şöbəsi
Tel.: (+99412) 431 41 12/13/16/17 (118)