Elmi Şuranın 29.01.2015-ci il tarixli növbədənkənar iclasının 04 saylı protokolu ilə təsdiq olunmuşdur.
I. Ümumi müddəalar
1.1. “Azərbaycan Universitetində tələbənin nizam-intizam Qaydaları” (bundan sonra - “Qaydalar”) Azərbaycan Universitetində (bundan sonra-“Universitet”) qadağan olunan və ya tələbə adına, şərəf və ləyaqətinə uyğun olmayan hərəkətlər edən tələbələrə qarşı tətbiq ediləcək intizam tədbirlərini, onların tətbiq edilməsi prosedurunu müəyyən edən qaydalar məcmusudur.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, Universitetin Nizamnaməsinə uyğun olaraq hazırlanmışdır.
1.3. Bu Qaydalar Azərbaycan Universitetində təhsil alan hər bir tələbəyə şamil olunur.
1.4. Bu Qaydaların tətbiqi zamanı aşağıdakı prinsiplər əsas götürülür:
1.4.1. Bərabərlik prinsipi: intizam qaydalarını pozmuş tələbələr irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, maddi vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq intizam məsuliyyətinə cəlb olunurlar.
1.4.2. Ədalət prinsipi: intizam qaydalarını pozmuş tələbəyə tədbiq edilən intizam tənbehi ədalətli olmalıdır, yəni pozuntunun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır.
1.4.3. Humanizm prinsipi: intizam qaydalarını pozmuş tələbəyə tədbiq edilən intizam tənbehi insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.
II. Ümumi tələblər
2.1. Universitetdə təhsil alan hər bir tələbə aşağıdakılara riayət etməlidir:
2.1.1. Universitetin Nizamnaməsinə, əsasnamələrinə, rektorun əmr və sərəncamlarına, Elmi Şuranın qərarlarına və digər qaydalara riayət etməlidir;
2.1.2. Universitetin əmlakını qorumalı, üzləşdiyi pozuntular haqqında Universitetin məsul işçilərinə məlumat verməlidir;
2.1.3. Tələbə adına yaraşmayan və qadağan edilmiş hərəkətlərə yol verməməli, Universitetdə səliqə-səhmanın yaradılmasına və qorunmasına dəstək verməli, dərs prosesinin normal gedişinə mane olan hərəkətlər etməməli, tələbə yoldaşlarına, Universitet əməkdaşlarına qarşı diqqətli olmalı, hörmət etməlidir;
2.1.4. Universitetin nüfuzuna, mənəvi dəyərlərinə zidd hərəkətlər etməməlidir;
2.1.5. Milli dəyərlərə hörmət etməli, onları qorumalıdır.
III. İntizam tədbirləri və onların tətbiqi qaydaları
3.1. Tələbə Universitetdə nizam-intizamı pozduqda ona qarşı aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilə bilər:
3.1.1. Töhmət;
3.1.2. Şiddətli töhmət;
3.1.3. Universitetdən xaric etmə (bir semestr, iki semestr və ya daha uzun müddətə);
3.2. Tələbə təkrarən pozuntu törətdiyi halda onun barəsində daha ağır intizam tədbiri görülə bilər.
IV. Töhmət
4.1. Töhmət-tələbəyə hərəkət və davranışlarında yol verdiyi pozuntuların yazılı şəkildə bildirilməsidir. Töhmət aşağıdakı hallarda tətbiq edilir:
4.1.1. Başqalarına qarşı kobudluq, hörmətsizlik və tərbiyəsizlik etmək, başqalarını narahat edəcək şəkildə qışqırmaq, mahnı oxumaq, musiqiyə qulaq asmaq, səs-küy salmaq, ətrafın təmizliyinə riayət etməmək;
4.1.2. Universitet daxilində icazəsiz elanlar, afişa və plakatlar asmaq;
4.1.3. Universitet tərəfindən asılan hər növ elanı qopartmaq, cırmaq, dəyişdirmək, qaralamaq və ya korlamaq;
4.1.4. Hərəkətləri və davranışı ilə dərsin normal gedişini pozmaq, dərsdə mobil telefon və digər texniki vasitələrdən istifadə etmək;
4.1.5. Mobil telefon və digər texniki vasitələri nəzarətçiyə təhvil vermədən imtahana girmək;
4.1.6. Universitetin divarlarında və əmlakının üzərinə yazı yazmaq, işarələr qoymaq, şəkil çəkmək, onları hər hansı digər şəkildə korlamaq;
4.1.7. Müxtəlif tədbirlərin keçirilməsinə mane olmaq, tədbir proqramına xələl gətirəcək hərəkətlər etmək;
4.1.8. Universitet daxilində siyasi və dini təbliğatla məşğul olmaq;
4.1.9. İntizam təhqiqatının aparılmasına hər hansı bir şəkildə mane olmaq və ya buna cəhd etmək;
4.1.10. Universitetdən aldığı sənədi (tələbə biletini) başqasının istifadəsi üçün şərait yaratmaq;
4.1.11. Təkbaşına və ya qrup şəklində müəllim və rəhbər işçilərin qəbul etdikləri qərarlara qarşı çıxmaq və bununla əlaqədar tələbələr arasında həmin şəxslərə qarşı təbliğat aparmaq və ya belə hərəkətlərə cəhd etmək;
4.1.12. Dil, irq, milli mənsubiyyət, din və məzhəb kimi əlamətlərə görə qütbləşmələr yaradacaq fəaliyyət göstərmək, ayrıseçkilik etmək;
4.1.13. Universitetdə əşyalara, qapı, pəncərə, divar və digər yerlərə ideoloji və ya siyasi xarakterli yazılar yazmaq, şəkil, emblem yapışdırmaq;
4.1.14. Universitet və ona bağlı qurumlarda hər hansı bir siyasi partiyanın lehinə və ya əleyhinə fəaliyyət göstərmək və bununla bağlı müxtəlif təbliğatlar aparmaq;
4.1.15. Təkbaşına və ya qrup halında Universitet daxilində və xaricində Universitetin nüfuzuna xələl gətirəcək hərəkətlər etmək;
4.1.16. Universitet və ona bağlı qurumlarda, səlahiyyətli şəxslərdən icazə almadan, müxtəlif tədbirlər təşkil etmək və ya belə tədbirlərdə iştirak etmək;
4.1.17. Universitet və ya onun hər hansı bir qurumunu təmsil etmək səlahiyyəti olmadığı halda özünü səlahiyyətli şəxs kimi göstərərək, Universitetin nüfuzuna xələl gətirən bəyanatlar vermək, iclas və ya tədbirlərdə iştirak etmək;
4.1.18. Universitet binaları və ərazisində qadağan olunmuş yerlərə daxil olmaq;
4.1.19. Qanunsuz fəaliyyət göstərən təşkilatlara üzv olmaq və ya bu təşkilatların lehinə fəaliyyət göstərmək;
4.1.20. Universitetdə qadağan olunmuş yerlərdə siqaret çəkmək;
4.1.21. İmtahanda köçürmək və ya köçürməyə şərait yaratmaq;
4.1.22. Tələbə yazdığı kurs işlərində, buraxılış işlərində plagiata [1] yol verdiyi təqdirdə.
V. Şiddətli töhmət
5.1. Şiddətli töhmət- tələbəyə hərəkət və davranışlarında qüsurlu olduğunun təsbit edildiyinin və təkrar intizam pozuntusunun törədəcəyi təqdirdə daha ağır cəza nəzərdə tutulan müddəaların tədbiq ediləcəyinin bildirilməsidir. Şiddətli töhmət aşağıdakı hallarda tətbiq edilir:
5.1.1. Bu Qaydaların 5.1-ci maddəsi ilə müəyyən olunmuş hallar təkrarən törədildikdə;
5.1.2. Universitet müəllimlərinə və əməkdaşlarına hədə-qorxu gəldikdə;
5.1.3. Universitet daxilində spirtli içkilər içdikdə.
VI. Universitetdən xaric etmə (bir semestr, iki semestr və ya daha uzun müddətə)
6.1. Universitetdən xaricetmə - tələbəyə Universitetdən 1 semestr, 2 semestr və ya daha uzun müddətə xaric edilməsinin və bu müddət ərzində tələbəlik hüquqlarından məhrum edilməsinin səlahiyyətli şəxsin əmri əsasında yazılı şəkildə bildirilməsidir. Universitetdən 1 semestr, 2 semestr və ya daha uzun müddətə xaric etmə aşağıdakı hallarda tətbiq edilir:
6.1.1. Şiddətli töhmət almış tələbə tərəfindən təkrarən pozuntu törədildikdə;
6.1.2. Universitetin tələbə, müəllim və əməkdaşlarının şərəf və ləyaqətini, şəxsiyyətini ağır şəkildə təhqir etmək;
6.1.3. Bilərəkdən, planlı şəkildə Universitetin nüfuzuna xələl gətirən tədbirlər keçirmək, iclaslar, mitinqlər və nümayişlər təşkil etmək, təbliğatlar aparmaq;
6.1.4. Cinayət tərkibli hərəkətlər etmək;
6.1.5. Universitetin işçiləri və ya tələbələrinə qarşı güc tətbiq etmək;
6.1.6. Universitetə aid olan və ya Universitetə təqdim edilən hər hansı digər rəsmi sənəddə imzanı saxtalaşdırmaq;
6.1.7. Universitet sənədlərində dəyişikliklər etmək, başqalarını buna təhrik etmək;
6.1.8. Universitetin informasiya sisteminə müdaxilə etmək, bu yolla məlumat əldə etmək, məlumatlarda dəyişikliklər etmək, sistemin normal fəaliyyətinə xələl gətirmək, başqalarını buna təhrik etmək və belə hərəkətlərə cəhd etmək;
6.1.9. Başqa tələbənin əvəzinə imtahan vermək;
6.1.10. Bilərəkdən başqasının onun əvəzinə imtahan verməsinə şərait yaratmaq;
6.1.11. Universitetin əmlakına təqsirli hərəkətlərlə ziyan vurmaq, onu talan etmək.
VII. İntizam tədbirlərinin tətbiqi qaydaları
7.1. Nizam-intizam qaydalarının pozulması ilə bağlı İntizam tədbiri tətbiq edilməzdən əvvəl tələbədən yazılı izahat alınmalıdır.
7.2. Tələbənin yazılı izahat verib-verməməsindən asılı olmayaraq intizam məsuliyyətinə səbəb ola biləcək pozuntu ilə bağlı maksimum 3 gün, xüsusi hallarda isə 5 gün müddətinə araşdırma aparılır. Ehtiyac olarsa araşdırma müddəti artırıla bilər. Araşdırma rektorun göstərişinə əsasən və bu məqsədlə yaradılan komissiya tərəfindən aparılır.
7.3. Universitetin bütün tələbələri və işçiləri araşdırma aparan şəxsə və ya komissiyaya lazım olan bütün məlumat və sənədləri təqdim etməlidirlər.
7.4. İntizam tədbiri hadisənin baş verməsinin aşkar olunduğu gündən 1 (bir) ay müddətinə tətbiq edilə bilər.
7.5. Haqqında araşdırma aparılan tələbə Universitet daxilində fakültəsini və ixtisasını dəyişə bilməz və başqa ali məktəbə köçürülə bilməz.
7.6. Araşdırma tamamlandıqdan sonra komissiya uyğun hesabat hazırlayır və tələbəyə qarşı hansı bir intizam tədbirinin tətbiq edilməsi barədə dekana yazılı təkliflərini verir. Fakültə dekanı buna əsaslanaraq müvafiq təqdimatı rektora təqdim edir.
7.7. İntizam tədbiri yazılı şəkildə vəzifəli şəxsin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Tələbə əmrlə (sərəncamla, qərarla) 3 gün müddətində tanış edilir. Rektorun əmrləri bütün fakültələrin elanlar lövhələrindən asılır.
7.8. Sərəncam və əmrlərdə tələbənin şərəf və ləyaqətini alçaldan ifadələrin işlədilməsi yolverilməzdir.
7.9. Tələbəyə qarşı görülən intizam tədbiri haqqında məlumat tələbənin şəxsi işinə və transkriptə qeyd edilir.
VIII. İntizam tədbiri haqqında qərar qəbul etmə səlahiyyəti olan vəzifəli şəxslər
8.1. Töhmət, şiddətli töhmət və 1 semestr, 2 semestr və ya daha uzun müddətə Universitetdən xaric etmə tədbirləri haqqında uyğun qərar aidiyyəti fakültə dekanının, komissiyanın təqdimatı ilə rektor tərəfindən verilir.
IX. İntizam tədbirindən apelyasiya şikayətinin verilməsi qaydaları
9.1. İntizam tədbiri ilə bağlı rəsmi əmr haqqında tələbəyə məlumat veriləndən 3 iş günü müddətində tələbə apelyasiya şikayəti verə bilər.
9.2. Apelyasiya şikayəti birbaşa Rektora ünvanlanır.
9.3. Apelyasiya şikayəti ilə bağlı rektor tərəfindən Apelyasiya Komissiyası yaradılır və 5 iş günü müddətində araşdırma aparılır. İlkin araşdırmada iştirak edən şəxslər Apelyasiya Komissiyasının üzvü ola bilməzlər.
9.4. Apelyasiya Komissiyası şikayəti araşdırır və intizam tədbiri ilə bağlı verilən qərarın qüvvədə saxlanması, ləğv edilməsi və ya ona dəyişiliklər edilməsi barədə tövsiyyələrini verir.
9.5. Apelyasiya Komissiyasının tövsiyyələrinə əsasən rektor son qərar verir və bu qərar qətidir.
9.6. Tələbə intizam tədbiri tətbiq edildiyi gündən 1 il ərzində yenidən intizam məsuliyyətinə cəlb edilməmişdirsə, intizam məsuliyyətinə ümumiyyətlə cəlb edilməmiş sayılır.
9.7. Dərslərində və davranışlarında yaxşı göstəricilərə görə intizam tədbiri 6 aydan sonra vaxtından əvvəl götürülə bilər.
[1] Plagiat dedikdə özgənin elmi, ədəbi, bədii və ya digər növ əsərini öz adı ilə referat, kurs işləri, buraxılış işlərində əks etdirməsi, yaxud özgənin müəllifliyini mənimsəmə və ya mənbəyi və müəllifi göstərilmədən əsəri və ya onun bir hissəsini köçürməklə yeni əsərin yaradılması başa düşülür.