Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd

Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd

“Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd” Azərbaycan Universiteti tərəfindən 2016-cı ildə təsis olunub. Təqaüd 2016/2017-ci tədris ilindən başlayaraq birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.

Şəhid Fəxrəddin Qurbanlı haqqında

Qurbanlı Fəxrəddin Seyfəddin oğlu 1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbi bitirib.

2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş ixtisasına qəbul olub. Əlaçı və nümunəvi tələbə olub. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi işləyib.

2015-ci ildə Sosial iş fakültəsindən üçüncülüklə məzun olub. Həmin ilin iyul ayında hərbi xidmətə yollanıb. 2016-cı il aprel ayının ilk günlərində təmas xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.